CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir daha narkoman taksi sürücüləri barədə

Hər iki şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Sputnik
BAKI, 9 yanvar — Sputnik. Ağdaş Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücülər müəyyən ediliblər.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Ağdaş rayon sakini Elşən Kərimov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. Sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etməsinə dair şübhələr yarandığından o, bölməyə gətirilib. E.Kərimovun marixuana qəbul etməsi təyin olunan ekspertiza nəticəsində sübuta yetirilib.
Keçirilən digər tədbir zamanı "VAZ-2107" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Nurlan Səmədov saxlanılıb. Müayinə zamanı onun da marixuana qəbul etdiyi məlum olub.
Hər iki şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Xatırladaq ki, dekabrın 14-də Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilmişdi.
Hövsan qəsəbəsində yaşayan Araz Səfərəliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili psixotrop maddə olan metamfetamin qəbul edərək idarə etdiyini etiraf edib.
Təyin olunan ekspertiza zamanı Araz Səfərəliyevin sükan arxasında psixotrop maddələrin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Araz Səfərəliyevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan material məhkəməyə göndərilib.
Bundan əvvəl isə narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən "Qaz 33"ün sürücüsü inzibati qaydada həbs edilmişdi. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitənin təsiri altında rayon ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər yol hərəkəti iştirakçıları və piyadalar üçün ciddi təhlükə yaradan sürücü saxlanılmışdı.
Axşam saatlarında Lənkəran rayon sakini Ceyhun Seyfiyevin idarə etdiyi "Qaz 3302" markalı yük avtomobili ilə rayon ərazisində yüksək sürətlə hərəkət etdiyi və yol hərəkət qaydalarını davamlı şəkildə pozduğu müəyyən edilib.
Ərazidə xidmət aparan dövlət yol polisi əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara rəğmən sürücü nəqliyyat vasitəsini saxlamayıb və təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq ərazidən uzaqlaşmağa çalışıb.
Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib. Həmin şəxs barəsində İnzibati xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə Rayon Məhkəməsinə göndərilib. Rayon Məhkəməsinin qərarı ilə C.Seyfiyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 20 gün müddətində inzibati qaydada həbs olunub.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda narkoman sürücülərlə bağlı "Yol hərəkəti haqqında" qanuna yenidən dəyişikliklər gözlənilir.
Həmçinin oxuyun:
Ehtiyatlı olun: narkoman sürücülər sükan arxasında
Narkotikin təsiri altında taksi sürənlər saxlanıldılar
Küçəyə atılan it Nurxanın həyatını necə dəyişdi - Video - Foto