MƏDƏNİYYƏT

Taleh Yüzbəyov: "Oskar alacam" deyirəm, amma...

"Zəhər tuluğu"nun tamaşaçılara daha çox sevdirdiyi Taleh Yüzbəyov Sputnik Azərbaycan-a ürəyini boşaldıb.
Sputnik
BAKI, 8 yanvar — Sputnik. Taleh Yüzbəyov... Çəkdiyi, eyni zamanda çəkildiyi hər video ilə insanların qəlbini qazanan aktyor, rejissor və ssenarist. "Məşhur hind mahnısı "Jai ho"-ya Azərbaycanca baxış: "Ceyhun!"la ölkədə böyük ajiotaj yaradan aktyor sonralar çəkdiyi reklamlarla, sosial çarxlarla və qısametrajlı filmlərlə hər kəsin sevgisini qazandı. Və nəhayət, "Zəhər tuluğu" tammetrajı filmi...
Mübaliğəsiz demək olar ki, müəllifi olduğu bu filmi ilə yaradıcılığının kulminasiya nöqtəsinə çatdı. Bu film aktyorun təbilincə desək, yaradıcılığınin ikinci fəsli oldu. Son illərin ən çox sevilən siması olan Taleh Yüzbəyov yaradıcılığından, Azərbaycan kinosunun bugünki vəziyyətindən Sputnik Azərbaycan-a söz açıb.
Yüzbəyov deyir ki, əslində hər şey Mədəniyyət və İncəsənət Universitetində oxuduğum illərdə başlamışdı, böyük arzularla, böyük istəklərlə: "Sadəcə mənim tanınmağım 2016-cı ildən başladı. Bir video çəkdim və o video ilə tanınmağa başladım".
Yüzbəyov özünü bu sahədə şanslı insan hesab edir: “Mənim bəxtim gətirdi ki, həmin dönəmlərdə sosial şəbəkələr geniş yayılmağa başladı. Mən də demək istədiklərimi, çatdırmaq istədiklərimi çatdırdım. Yəni, bu planlaşdırılmış bir iş deyildi. Əminəm ki, haradasa, Azərbaycanın hansısa ucqar kəndində məndən daha istedadlı insanlar var, onlar internetdən istifadə edə bilmədiklərinə görə bacarıqlarını nümayiş etdirə bilmirlər”.
Tanınmış aktyor yeni başlayanda xanımı Xatirə Yüzbəyova ilə videolar çəkirdi. Sonradan onları bir arada görmədik: “Yeni başlayanda tək idim, yanımda heç kəs yox idi. Ona görə də yoldaşımı çəkirdim. Amma indi o da blogerdir, nə o mənim işimə qarışır, nə də mən onun işinə müdaxilə edirəm”.
Tamaşaçılar onu daha çox “Zəhər tuluğu”ndakı Adil obrazı ilə sevdilər. Adil obrazına gəldikdə isə həmsöhbətimiz bildirir ki, Adil ümumiləşdirilmiş bir obrazdır: “Adil sosial şəbəkələrdəki neqativ şərhlərdən "doğmuş" bir personaj oldu. Əfsus ki, biz cəmiyyət olaraq xoşbəxt deyilik. Bunu ictimai nəqliyyatda da, sıra nömrəsini gözləyəndə də hiss etmək olur. Mən o obrazı insanlardan toplamışam. Hərənin bir xarakterini götürdüm, nəticədə tərs, sərt, acıdil, mərhəmətli “Adil” yarandı”.
“Adillə Talehin xarakterində hansı oxşar cəhətlər var?” sualına müsahibimizin cavabı belə oldu: “Hərdən məndə də olur ki, insana elə acı söz deyirəm ki, onu döysəm, daha yüngül olardı. Adillə mənim oxşar cəhətim ədalətli olmağa çalışmağımızdır. Çalışıram, ədalətli olum”.
Sözügedən filmdə səslənən müəyyən vulqar ifadələri bəzi izləyicilər tənqid ediblər. Yüzbəyov fikrincə, filmdə dava, mübahisə kimi səhnələrdə vulqar sözlərin işlənməsi qaçılmazdır: “Biz onları qəsdən yığışdırsaq, süni səhnələr alınacaqdı.
Demirəm ki, personajlar hər biri söyüş söysün. Düşünmürəm ki, bizim filmdə vulqar sözlər çox işlənib. Ər arvadını qaçıran kişini tutursa, onu söyəcək də. Biz hələ onu daha sadə etmişik. Mən tənqidləri qəbul edirəm. Kinodan anlayışı olan insanlar rejissor işində, operator işində, aktyor işində hər hansısa bir nöqsanı deyirlərsə, mən bunu qəbul edirəm. Amma durub “niyə qadın “fahişə” dedi” kimi sözləri qəbul eləmirəm”.
Çəkdiyi və rol aldığı hər film tamaşaçılar tərəfindən sevilən Yüzbəyov xarici festivallarda iştirak etməyi düşünmür. Onun fikrincə, rejissor filmi qarşılıq gözləyərək çəkməməlidir, rejissor filmi ona görə çəkməlidir ki, o, film çəkmədən yaşaya bilmir. Ancaq bu halda uğur əldə edə bilir:
“Yeni başlayanda mən də düşünürdüm ki, film çəkim, gedim festivala. Amma yaşa dolduqca, bu fikrimdən daşındım. Zarafatla dostlarımız arasında "Oskar alacam" deyirəm, amma bunu hədəf kimi qoymağım düzgün deyil. Mən “Oskar” alım deyə film çəkmirəm. Əsas səmimiyyətdir, səmimiyyət olsa, sən festivalda ən böyük mükafatları da əldə edə bilərsən”.
Müsahibimiz özünə həmişə tənqidi yanaşdığını bildirir. Aktyor heç bir filmini şah əsəri hesab etmir: "Həmişə filmdən sonra özümdən narazı qalmışam - həm ssenarist, həm rejissor, həm də aktyor kimi. Biri digərinə nisbətən yaxşı ola bilər. Məsələn, "Orta statistik Rasim" xoşuma gəlir, amma onu da daha yaxşı edə bilərdim. Orada da bəyənmədiyim nüanslar var. Bəzən maddi, bəzən mənəvi, bəzən həmin dövrdə işə tam fokuslana bilmədiyimdən iş istədiyim kimi alınmır. Amma çalışıram ki, bir filmim digərindən yaxşı olsun".
Aktyor düşünür ki, uğurlu filmin kökündə ssenari dayanır. Ssenari zəif olarsa, filmin uğurlu olacağı sual altındadır: "İnsanlar hekayəyə görə gəlirlər filmə. Filmin ssenarisi zəifdirsə, oradakı aktyorların kim olması, rejissorun kim olması vəziyyəti dəyişməyəcək. Tamaşaçı sevdiyi aktyora görə kinoteatra gəlsə belə, zalı yarıdan tərk edəcək. Ssenari uğurlu olarsa, hər kəs onun ətrafına toplaşıb, uğurlu bir iş ərsəyə gətirə bilər. Kino elə sahədir ki, orada bir nəfərin işi zəif olsa, filmə təsir edəcək".
Mədəniyyət naziri Anar Kərimov bu yaxınlarda çıxışında qeyd etmişdi ki, təəssüf ki, dövlət büdcəsinə çəkilən filmlər uğursuz alınır, rəflərdə toz basıb. Amma özəl büdcə ilə çəkilən filmlər daha çox uğurlu olur. Taleh Yüzbəyov bunun səbəblərindən bəhs etdi:
"Kino müstəqil olmalıdır. Təbii ki, film dövlət və nazirliyin hesabına çəkilərsə, həmin qurum öz maraqlarını ortalığa qoyacaq. Əgər azadlıq istəyirsənsə, öz baxışların varsa, onda sərbəst çək. Başa düşürəm, kino böyük maliyyə tələb edir. Kinoya pul yatırmaq risklidir. Buna hər kəsin imkanı çatmaz. Məsələn, mən kinomu sponsorların hesabına çəkmişəm. Ona görə də onun hər qəpiyinin qədrini bilirəm.
Dövlət kinoya dəstək olmaq istəyirsə, kinoya dəstək olan şirkətləri vergidən azad etməlidir, kinonun özünü vergidən azad etməlidir. Böyük gəlirləri olan şirkətlər də kinoya yatırım etməyə maraqlı olacaqlar. Yaxud da kredit verə bilər. Prodüser pulu götürür, filmi çəkir və ondan qazandığı maliyyə ilə krediti ödəyir, özləri də qazanır. Mən dövlətin pulunun dağılmasının tərəfdarı deyiləm".
Aktyor, rejissor və ssenarist Taleh Yüzbəyov
Yüzbəyov sadalanan problemlərdən qurtulmağının çıxış yolunu kinoteatrların tikilməyində görür. Müsahibimiz bildirir ki, Azərbaycanda kinoya baxmaq üçün yerlər, demək olar ki, yoxdur:
"Əvvəllər kənd klublarında baxırdılar. İndi onlar da bərbad gündədir. Birinci kinoya baxmaq üçün məkanlar yaradılsın, ondan sonra kinoya maliyyə ayırsınlar ki, ondan qazanc əldə edə bilsinlər. Kinodan pul qazanılsın ki, çəkənin də, çəkdirənin də marağı olsun. Maliyyə naziri də görsə ki, bu sahədən gəlir əldə edilir, o, növbəti dəfə maliyyəni daha da artıracaq".
Tanınmış kino adamı bu sahədə olan problemlərdən söz açarkən onu da diqqətə çatdırdı ki, bizdə bəzi sahələr üzrə mütəxəssis yetişdirilmir. Hər kəs öz-özünə öyrənir: "Bizdə kino çəkənlərin əksəriyyəti özü öyrənənlərdir. Məsələn, səs rejissoru özü öyrənir, montajçı özü haradansa öyrənir və s.
Təkcə akyor, rejissor və operatorlar universitetdə təhsil alırlar, o da ki Allahın ümidinə qalıb, ya ola, ya olmaya. Mütləq bir addım atılmalıdır, ya bizimkiləri göndərməlidirlər, getsinlər hansısa ölkədə bu sahəni öyrənsinlər, ya da xaricdən mütəxəssis gətirilməlidir ki, burada master-klass keçsin. Hansısa yolla bu sahələr üzrə mütəxəssis yetişməlidir.
Göturək elə "Zəhər tuluğu"nun komandasını. Mən daxil, komandadakı insanların əksəriyyəti bu sahəni öz-özünə öyrənib. Mən aktyoram, amma məcbur qalıb həm ssenari yazıram, həm rejissorluq edirəm, həm də filmə çəkilirəm. Çünki istəyirəm ki, yaxşı olsun. Ümid edirəm ki, Kino Agentliyi yaransa, bu problemlər öz həllini tapar.
Dünyada kino yaranandan bir müddət sonra bizdə də mövcud olub. Koreya bizdən xeyli sonra bu sahəyə atılıb, amma hazırda Koreya filmi dünyaya meydan oxuyur. Biz SSRİ kimi məktəb görmüşük, hansı ki, o məktəbdən başqa ölkələr də yararlanıb. Sadəcə olaraq, 90-larda yaranan o xaosla kinomuz da dağıldı. Həmin illərdə incəsənət adamları yetim qaldılar. Təəssüf ki, bu sahənin adamları həmin illərdə itib-batdılar. Çox şükür ki, Vaqif Mustafayev uzun fasilədən sonra çəkməyə başladı. Məncə, o, kino adamlarına kumir olacaq adamdır".
Aktyor, rejissor və ssenarist Taleh Yüzbəyov
Həmsöhbətimiz qeyd edir ki, bir müddət öncə komediya filmlərini tənqid edirdilər. O düşünür ki, komediya filmləri olmasaydı, kinoteatrlar da olmayacaqdı: "İndi yavaş-yavaş kommersiya filmləri ilə dirçəlməyə çalışır. O filmlər olmasaydı, bu gün "Zəhər tuluğu" da olmayacaqdı. Təəssüf ki, bölgələrdə kinoteatrlarla bağlı çox ciddi problemlər var. Biz Naxçıvanda olanda gördük ki, insanlar artıq kinoya getməyi yadırğayıblar. Gördük ki, kinoteatrda necə davranmağı belə, unudublar. Halbuki sovet dönəmində klublara gedib hind filmlərinə baxmış insanlardır".
"Zəhər tuluğu" ekranlara çıxandan bəri bölgələrdə yaşayan insanlar sosial şəbəkələrdə həmin filmi izləmək istədiklərini yazıblar. Yüzbəyov bildirir ki, o, sözügedən filmi bütün bölgələrdə nümayiş etdirməyə hazırdır: "Hətta kinoteatr olmayan bölgələrdə də istəyərdim ki, filmimiz nümayiş olunsun. Klublara da razıyam. Rayon mədəniyyət şöbələri təşkil etsələr, biz ən ucqar kənddə də sevə-sevə nümayiş etdirərik".
Müsahibimizin fikrincə, kino sənayemizin digər ölkələrlə müqayisədə zəif olmasının səbəblərindən biri də insanlarımızın ruh düşkünlüyüdür:
"Bizimkilərin ümummilli psixologiyası var, istəyirlər ki, tez nəticə əldə etsinlər. Bir video ilə "partlatsınlar". Əzmkar, dözümlü adamlar çox azdır. Bir video çəkirlər, uğursuz alınan kimi ruhdan düşürlər. Baxırsan, qrup yaranıb, 1-2 mahnı oxuyurlar, alınmayan kimi dağılır o qrup. Onsuz da alternativimiz azdır, sadəcə cəhd eləmək lazımdır. Bir çoxu da maliyyəni bəhanə gətirir. Kameran yoxdursa, telefonla çək. İstəyən adam üçün problem yoxdur. Mən də yeni başlayanda telefonla çəkirdim".
Aktyor, rejissor və ssenarist Taleh Yüzbəyov
Taleh özünü nə qədər bəxti gətirən aktyor hesab etsə də, onun da arzusunda olduğu obrazları zamanında oynaya bilmədiyinə görə təəssüflənir: "Mən 30 yaşımdan sonra çəkilməyə başladım. 20 yaşlarımda heç bir rolum yoxdur. Məsələn, indi hansısa qızın sevgilisini oynaya bilmərəm. İndi ancaq "qızın qardaşı"nı oynaya bilərəm. Yəni, artıq mən gənc Romeo deyiləm. Açığı, heç universitet illərində də sevgi qəhrəmanlarını oynamağa həvəsim olmayıb.
Mən artıq imtina etmək yaşına çatmışam. Yeni başlayanda hər şeyi oynayırdım. Çünki görməmişlik var idi. 10 il çəkilməmiş aktyor idim, hər şeyə "hə" deyirdim. Sonra nəticəyə baxanda peşman oldum. İndidən sonra daha çox öz filmlərimdə oynamağa cəhd edəcəyəm. Çünki artıq mən bilirəm niyə oynayıram, nəyə oynayıram".