PAYTAXT XƏBƏRLƏRİ

Çörək zavodunda qadın faciəvi şəkildə ölüb

Fəhlə işləyən qadın zavodda iş vaxtı həlak olub.
Sputnik
BAKI, 8 yanvar — Sputnik. Bakıda çörək zavodunda qadın faciəvi şəkildə ölüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nərimanov Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, yanvarın 7-si saat 16 radələrində paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən "İsrafiloğlu" MMC-yə məxsus çörək zavodunda fəhlə işləyən 1971-ci il təvəllüdlü Mətanət Həsənovanın iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla müəyyən edilib ki, qadın zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunu digər işçi ehtiyatsızlıqdan işə salıb.
Qolu qarışdırıcının arasında qalan qadın hadisə yerində ölüb.
Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.