BAKI, 8 yanvar - Sputnik. Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstan üzrə müzakirələrə qatılacaq.
Türk Dövlətləri Təşkilatının 11 yanvar 2022-ci il tarixində baş tutacaq təşkilata üzv və müşahidəçi ölkələrin xarici işlər nazirlərinin növbədənkənar toplantısında Ceyhun Bayramovun iştirakı da nəzərdə tutulur.
Bu barədə “Report” XİN-in Mətbuat Xidmətinə istinadən xəbər verir.
Türkiyənin təşəbbüsü ilə baş tutacaq toplantı videokonfrans formatında keçiriləcək.
2020-ci ilin noyabrında Türk Şurası dəyişdirilərək Türk Dövlətləri Təşkilatı yaradılıb. Buraya Türkiyə ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir.
Qazaxıstanda nə baş verir
Yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Tokayev vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əıməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.
Eləcə də oxuyun: