BAKI, 7 yanvar — Sputnik. Abşeronda bir evdə 3 nəfər dəm qazından boğularaq ölüb.
Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, ötən gün Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Gülağa Əliyev, 1966-cı il təvəllüdlü Akif Nərimanov və 1981-ci il təvəllüdlü Elşən Alışovun kirayə yaşadıqları evdə dəm qazından zəhərlənərək ölmələri müəyyən olunub.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
***
Abşeron rayonunda bir evdə 3 nəfərin dəm qazından boğularaq ölməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Hadisə Saray qəsəbəsində qeydə alınıb. Evlərdən birində 3 kişi meyiti aşkar edilib. Meyitlərə keçirilən baxış zamanı onların dəm qazından boğularaq öldüyü məlum olub. Hadisənin bir müddət əvvəl baş verdiyi ehtimal olunur.
APA-nın xəbərinə görə, hər 3 meyit çürümüş vəziyyətdə olub. Ölən şəxslərin İmişli rayon sakinləri - 1966-cı il təvəllüdlü Nərimanov Akif Bəybala oğlu, 1965-ci il təvəllüdlü Əliyev Gülağa Kamil oğlu və 1981-ci il təvəllüdlü Alışov Elşən Eldar oğlu olduğu müəyyən edilib.
Onlar həmin evdə təmir işləri aparıb, orada da qalırmışlar.
Xatırladaq ki, bayram günlərində də dəm qazından zəhərlənmə hadisəsi baş vermişdi. Xəstəxanaya yerləşdirilən 13 nəfərdən (5 qadın, 3 kişi, 5 uşaq) 5-i dəm qazından, 3-ü dərmandan, 1-i sirkə turşusundan, 2-si allergiya səbəbindən, 2-si etanol spirtindən zəhərlənib. Həkimlərin səylərinə baxmayaraq, onlardan biri ölüb.
Bayram günlərində zəhərləndiyi üçün ilkin tibbi yardım göstərilərək evə buraxılan 129 nəfərdən 28-i dəm qazından boğulma ilə bağlı müraciət edib.
Həmçinin oxuyun: