TƏHSİL

Bakıda məktəb yanıb, müəllim və şagirdlər təxliyə edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Yanğın baş vermiş məktəbdə bu gün dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur.
Sputnik
BAKI, 7 yanvar — Sputnik. Bakıda yanğın baş verən məktəbdə 80 nəfər şagird və işçi heyət təhlükəsiz əraziyə təxliyə olunub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Bakı şəhərinin Suraxanı rayonunda üçmərtəbəli orta məktəb binasının 2-ci mərtəbəsində ümumi sahəsi 36 m² olan otağın döşəməsi 4 m² sahədə, 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi və içərisindəki əşyalar (divan, kreslo, kompüter, kondisioner) yanıb, yüksək temperaturdan yumşaq mebel dəsti qarsalanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş otaqlardan 80 nəfər şagird və işçi heyət təhlükəsiz əraziyə təxliyə olunub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.
***
Yanvarın 7-də səhər saatlarında Bakı şəhərindəki Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə yanğın baş verib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xəbərinə görə, yanğın məktəbin ikinci mərtəbəsində, direktorun kabinetində və qəbul otağında olub. Məktəbin müəllim və şagird heyəti təxliyə olunub.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur.