BAKI, 6 yanvar — Sputnik. "Roskosmos" şirkəti Günəş enerjisini kosmosdan Yer kürəsinə ötürəcək perspektivli kosmik elektrik stansiyasının layihəsini hazırlayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə "Rusiya Kosmik Sistemləri" məlumat yayıb.
"Bu, hava şəraitindən və günün vaxtından asılı olmayaraq Yer kürəsinin əlçatmaz - ada, dağ və şimal rayonlarının mütəmadi olaraq alternativ elektrik enerjisi ilə təchiz olunmasını təmin edəcək, həmçinin "planlı yükləmə" və fövqəladə hallarda enerjinin digər kosmik aparatlara ötürülməsinə imkan verəcək", - deyə məlumatda qeyd edilib.
Elektrik stansiyası kompleksi iki hissədən ibarət olacaq: kosmik və yerüstü. Kosmosda ötürücü modul sahəsi 70 kvadratmetr olan pilotsuz kosmik gəmi olacaq. O, Günəş enerjisini toplayıb Yer kürəsinə ötürəcək. Səthdə lazer kanalı vasitəsilə Günəş enerjisini qəbul edən, onu çevirən və yayan yerüstü antenalar sisteminin qəbuledici modulu yerləşdiriləcək.
RKS-nin məlumatına görə, stansiyadan enerjinin Yer kürəsinə ötürülməsi minimal itkilərlə mümkündür, bununla belə, kosmosda yerləşən Günəş panelləri isə Yerdə işləyənlərdən dəfələrlə səmərəlidir.
"Kosmosda Günəş enerjisindən istifadənin səmərəliliyi on dəfə yüksəkdir. O, lazer şüasına çevrilə və minimum enerji itkisi ilə Yer kürəsinə ötürülə bilər <...> Bu, termonüvə enerjisinə əla alternativdir", - RKS-in perspektivli avadanlıqların işlənməsi şöbəsinin tədqiqat mühəndisi Mariya Barkova belə hesab edir.
Kosmik elektrik stansiyasının enerjinin balanslı şəkildə yayılmasına imkan verən idarəetmə qurğusu, həmçinin artıqların toplanması üçün buferlə təchiz edilməsi planlaşdırılır.
Bu cür enerji stansiyalarının 82, 90 və 98 dərəcə əyilmiş Günəş sinxron orbitlərində yerləşdirilməsi nəzərdə tutulur. Lazer şüasının mobil yerüstü rektennalara dəqiq yönəldilməsi sinxronlaşdırıcı proqram kompleksini təmin edəcək.
Bu yaxınlarda bildirilib ki, lazer şüalanması vasitəsilə elektrik enerjisinin simsiz ötürülməsi üzrə eksperiment Beynəlxalq kosmik stansiyasının Rusiya seqmentində elmi tədqiqatlar proqramına daxil edilib.