BAKI, 6 yanvar — Sputnik. Kaliforniyada doğulan əkizlər son dərəcə nadir rastlanan hadisəyə imza atıblar. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, körpələrin doğumu müxtəlif illərdə baş tutub.
Alfredo Antonio Trujillo 2021-ci ilin Yeni il ərəfəsində yerli vaxtla saat 23:45-də anadan olub.
Onun bacısı Aylin Yolanda Trujillo isə cəmi 15 dəqiqə sonra, 1 yanvar 2022-ci ildə gecə yarısı doğulub.
Əkizlərin anası Fatimə Madriqal əkizlərinin fərqli tarixlərdə doğulmasının onun üçün də inanılmaz olduğunu deyib.
O, açıqlamasında qızının gecə yarısı doğulduğunu və 2022-ci ildə yerli xəstəxanada dünyaya gələn ilk körpə olduğunu, buna görə həm təəccübləndiyini, həm də xoşbəxt olduğunu söyləyib.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumatına görə, ABŞ-da əkiz doğuşlar ildə 120.000 dəfə baş verir ki, bu da bütün doğuşların təxminən 3%-ni təşkil edir.
Natividad Tibb Mərkəzi əkizlərin müxtəlif illərdə doğulma ehtimalını təxminən iki milyonda bir hesab edir.