İQTİSADİYYAT

Qarabağ turizm mərkəzinə çevriləcək: Bəs kazinolar da olacaq?

Urbisidə məruz qalmış Ağdamın tamamilə yenidən qurulması, işgüzar turizm mərkəzinə çevrilməsi planı var.
Sputnik
BAKI, 5 yanvar — Sputnik. Dövlət Turizm Agentliyi "Zəfər marşrutları" konsepsiyası çərçivəsində layihələr həyata keçirməyi planlaşdırır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev bildirib.
"Hazırda biz digər dövlət qurumları ilə birlikdə azad edilmiş ərazilərdə turizmin bərpası və inkişaf etdirilməsi, bölgənin yeni tu­rizm destinasiyasına çevrilməsi planları üzərində işləyirik. Qarabağın milli və təhlükəsiz turizm zonası kimi tanıdıl­masına nail olmaq üçün uzunmüddətli strategiyanın hazırlanması və mərhələli şəkildə icrası zəruridir" - deyə Fuad Nağıyev bildirib.
"Bütövlükdə Qa­rabağ regionu, xüsusilə də Şuşa, Hadrut, Füzuli, Suqovuşan, Şərqi Zəngəzur böl­gələri turizmin müxtəlif növlərinin - eko, sağlamlıq, mədəni, təbiət, dağ və qış turizminin inkişafı üzrə zəngin resursla­ra, geniş imkanlara malikdir. Bu mənada Ağdamı qeyd etmə­yə xüsusi ehtiyac var. Urbisidə məruz qalmış bu şəhərin tamamilə yenidən qurulması, işgüzar turizm mərkəzinə çevrilməsi planı var.
Alban məbədləri, Qarabağ xanlığının irsi, İpək yolu kimi mədəni turizm məhsulları buranın zən­gin mədəni turizm potensialından xəbər verir. Məhz bu qeyd olunan resurslara əsasən müvafiq turizm məhsullarının və "Zəfər marşrutları" konsepsiyası çərçivəsində layihələrin hazırlanması nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərə 2025-ci ilə qədər 1 milyona yaxın yerli və xarici turistin səfər edəcəyi planlaşdırılır", - deyə o qeyd edib.
Xatırladaq ki, ötən ildən işğaldan azad edilən şəhər və rayonlarımıza marşrutların təşkilinə dair pasportlar hazırlanıb. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən hazırlanan 2020-ci il üzrə avtomobil nəqliyyatı ilə daşımalara dair görülən işlərin hesabatında bildirilib.
Hesabata görə, işğal altından azad olunan Cocuq Mərcanlıya 2020-ci ilin yanvar ayında ilk marşrut xəttinin açılışı təmin edilib: "İlin sonunda Ali Baş Komandan İlham Əliyevin güclü siyasəti, qətiyyəti, iradəsi və əzmi, rəşadətli ordumuzun şücaəti və qəhrəmanlıq nümayişi ilə tarixi və əzəli torpaqlarımızın işğaldan azad edilən şəhər və rayonlarına marşrutların açılması üzrə pasportlar hazırlanıb.
Daşıyıcıların müəyyən edilməsi üçün qanunauyğun müsabiqələrin keçirilməsinə dair hazırlıq işlərinin təşkil edilməsi ilə bağlı müvafiq əmr artıq hazırlanıb".
Kazinolar açılmalı
Xatırladaq ki, bu yaxınlarda Milli Məclisdə "Turizm haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib ki, bura əyləncə turizmi anlayışını da daxil etmək lazımdır.
Deputat təklif edib ki, kazinoların Azərbaycanda açılmasına icazə verilsin:
"Rusiyada bu, müəyyən əraziləri əhatə edir. Azərbaycanda da belə edə bilərik. Məsələn, Qarabağda, Zəngəzurda kazinoların açılmasına icazə verə, bununla da turist cəlb edə bilərik. Digər tərəfdən, Nargin adasında buna icazə verə bilərik. Turist axınını cəlb etmək üçün xidmət sahəsində fəaliyyətlər təkmilləşdirilməlidir".
Deputat bildirib ki, bu qiymətlərlə nə xaricilər Azərbaycana gələcək, nə də daxili turizm inkişaf edəcək: "İnsanlar evində oturub bozbaş yeməyə üstünlük verəcək. Burada əsas məsələ qiymətlərin aşağı salınması ilə bağlı olmalıdır".