HƏRBİ

MN bir qrup hərbi qulluqçunun qar uçqunu altında qalması xəbərinə aydınlıq gətirdi

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Abdullayev Ceyhun Hüseyn oğlu və əsgər Həsənzadə Süleyman Əli oğlu hərbi maşında qəza zamanı yüngül xəsarət alıblar.
Sputnik
Bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusunun guya qar uçqunu altında qalması nəticəsində xəsarət alması barədə məlumatlar yayılıb.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə, xəbər yalandır və həqiqəti əks etdirmir:
“KİV nümayəndələrinə bir daha müraciət edərək rəsmi təsdiqini tapmayan məlumatları yaymamağı tövsiyə edirik”, - Nazirlik bildirib.
Qeyd edək ki, bu gün saat 17.40-da Müdafiə Nazirliyinin hərbi maşını idarəetməni itirməsi nəticəsində qəzaya uğrayıb.
Nazirliyin Mətbuat xidmətinin yaydığı məlumata görə, qəza zamanı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Abdullayev Ceyhun Hüseyn oğlu və əsgər Həsənzadə Süleyman Əli oğlu yüngül xəsarət alıb.
Bildirilib ki, hər iki hərbi qulluqçunun həyatları üçün heç bir təhlükə yoxdur.