BAKI, 5 yanvar - Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko II Dünya müharibəsi və ondan sonrakı dövrdə (1951-ci ilə qədər) Belarus xalqının soyqırımının hüquqi cəhətdən tanınmasını əks etdirən qanun imzalayıb.
Bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
Sənəddə göstərilir ki, belarus xalqı dedikdə o dövrdə BSSR ərazisində yaşamış bütün sovet vətəndaşları nəzərdə tutulur.
Qanun onlayn və çap mediasında soyqırımın inkar edilməsinə görə cinayət məsuliyyətini də özündə ehtiva edir.
“Eyni zamanda, belarus xalqının soyqırımının açıq şəkildə inkar edilməsinə, məsələn, KİV-də və ya internetdə müvafiq məlumatların yerləşdirilməsinə görə cinayət məsuliyyəti müəyyən edilir”, - mətbuat xidmətinin məlumatında deyilir.
2021-ci ilin aprelində Baş Prokurorluq Böyük Vətən Müharibəsi zamanı Belorusiya SSR əhalisinin soyqırımı faktı ilə bağlı cinayət işi açıb. İdarənin rəhbəri Andrey Şvedin qeyd etdiyi kimi, Minsk açıq məhkəmə üçün hələ də sağ olan hərbi cinayətkarların ekstradisiyasını tələb edəcək.