BAKI, 5 yanvar — Sputnik. Azərbaycanda unun və çörəyin qiyməti bahalaşıb. Hazırda 50 kiloqramlıq "Karmen" ununun bir kisəsinin qiyməti 36 manatdır. Bundan öncə 26 manata satılırdı. "Sünbül" ununun kisəsi isə hazırda satışda 39 manatadır, əvvəl isə 29 manat olub. Unun qiymətində baş vermiş artım çörəyin qiymətinə də təsir edib.
Dünən iri un və çörək istehsalçıları müraciət yayaraq 50 kiloqramlıq bir kisə unun topdansatış qiymətinin 36 manatadək arta biləcəyini və bu səbəbdən "zavod" çörəyinin qiymətinin də maksimum 10-15 qəpik qalxa biləcəyini söyləyiblər. Onların sözlərinə görə, mövcud subsidiya mexanizminin 2021-ci ilin dekabr ayının sonunadək qüvvədə olmasını nəzərə alaraq unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranıb.
Bakıda çörəyin qiyməti
© Sputnik / Zullfiye Guluyeva
Dünya bazarına baxsaq, bahalaşma daha çox olacaq
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a deyib ki, əgər subsidiya dayandırılsa, istehsalçılar unu baha satmağa məcbur olacaqlar: "Gübrələrin qiyməti 2 dəfəyə yaxın qalxıb. Dövlət bu sahəni nəzarətdə saxlamalıdır. Əgər unun qiyməti dünya bazarında olan ərzaqlıq buğdanın qiymətinə uyğunlaşdırılsa, bahalaşma çox olacaq. Çörək strateji məhsuldur və ona görə də bu sahəni nəzarətdə saxlamaq daha məqsədəuyğundur".
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı-ekspert Mircavid Həsənov
© Photo : UNEC
İdxaldan asılıyıq
"Hələ ki, ərzaqlıq buğda ilə özümüzü tam təmin edə bilmirik, idxaldan asılıyıq. Bizdə yerli buğdanın keyfiyyəti çörək istehsalı üçün yetərli deyil. Məsələn, un istehsalçısı istehsal zamanı 30 faiz yerli buğdadan istifadə edirsə, 70 faiz də Rusiyadan, Qazaxıstandan gələn keyfiyyətli buğdadan istifadə edir. Əks halda, keyfiyyətli çörək istehsal etmək olmur", - deyə o qeyd edib.
Mövcud əkin sahələrində məhsuldarlığı artırmaq lazımdır
Onun sözlərinə görə, digər tərəfdən, bəziləri buğda sahələrini artırmağı təklif edirlər, amma mövcud əkin sahələrində məhsuldarlığı artırmaq lazımdır: "Bizdə məhsuldarlıq aşağı səviyyədədir. Orta məhsuldarlıq bizdə 20-30 sentnerdir. Mövcud sahələrdə məhsuldarlığı artırsaq, bəlkə də özümüzü təmin edə bilərik. Hələ də texniki qulluq düzgün edilmir. Ötən illərə nisbətən buğda istehsalında artım var, amma hələlik idxaldan asılıyıq".
Subsidiya ləğv edilsə, qiymət dəfələrlə arta bilər
"İşğaldan azad edilmiş ərazilərdə də taxıl əkilməyə başlanılıb. Amma bizim münbit böyük ərazilərimiz yoxdur. Subsidiya mexanizmini saxlamaq lazımdır. Bu, ləğv edilsə, qiymət dəfələrlə arta bilər", - deyə ekspert əlavə edib.
İdxalın təqribən 98 faizi Rusiyanın payına düşüb
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2021-ci ilin 11 ayında Azərbaycana 287 milyon 557 min dollar dəyərində 1 milyon 17 min 503 ton buğda idxal edilib. İdxalın təqribən 98%-i Rusiyanın payına düşüb. 2020-ci ilin 11 ayı ərzində Azərbaycana 262 milyon 497 min dollar dəyərində 1 milyon 225 min 585 ton buğda idxal edilib. Ötən ilin 11 ayında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalı dəyər ifadəsində artıb, həcm ifadəsində isə azalıb.
Ölkədə buğda ilə özünütəminetmə hansı səviyyədədir
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin Analitika Departamentinin müdiri Səadət Hacıyeva Sputnik Azərbaycan-a deyib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanın buğda istehsalı 1867.3 min ton olub: "Özünütəminetmə səviyyəsi 57.1 faiz təşkil edib. 2021-ci ildə ölkədə buğda istehsalı 1885.4 min ton təşkil edib. Son 3 ilin orta göstəricilərinə görə, ölkədə buğda ilə özünütəminetmə 59-60% səviyyəsində olub".
Dövlət qurumundan xəbərdarlıq
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Sputnik Azərbaycan-a bildiriblər ki, cari ildən daxili bazarda sahibkarlıq subyektləri tərəfindən idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiyməti dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırılıb:
"Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur. Bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət tədbirlərini daha da gücləndirib. Bu istiqamətdə Dövlət Xidməti tərəfindən preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edilib".
"Monitorinqlər zamanı qanunvericiliyinin pozulması əlamətləri aşkar olduğu təqdirdə Dövlət Xidməti tərəfindən ciddi tədbirlər görüləcək", - deyə qurumdan bildiriblər.
İstehsalçılardan müraciət
Dünən Azərbaycanın iri un və çörək istehsalçıları müraciət yayıblar.
Sputnik Azərbaycan-a daxil olan müraciətdə deyilir ki, Azərbaycana ərzaqlıq buğdanın idxalının əsasən Rusiyadan həyata keçirildiyi üçün bu ölkənin bazarında baş verən qiymət artımı bu məhsulun ölkəmizə daha yüksək qiymətlərlə tədarükü ilə nəticələnir:
"Əlavə olaraq, Rusiyada 2021-ci ilin fevral ayından etibarən yüksək ixrac rüsumunun tətbiqi də qiymətlərin artmasına ciddi təsir göstərir. 2021-ci ilin dekabr ayında Rusiyada ərzaqlıq buğdanın 1 tonunun orta aylıq ixrac qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 58,7%, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 33,1% yüksək olub".
Qeyd olunur ki, bununla belə, qlobal qiymət artımlarının Azərbaycan bazarına neqativ təsirlərinin azaldılması məqsədilə dövlət tərəfindən il ərzində un idxalçılarına və istehsalçılarına böyük dəstək göstərilib:
"Belə ki, ölkədə ərzaqlıq buğda ehtiyatlarının lazımı səviyyəyə çatdırılması məqsədilə 2020-ci ildən başlayaraq tədarükçülərə subsidiyalı kreditlər ayrılır. Əlavə olaraq, 2021-ci ilin fevral ayından başlayaraq un istehsalçılarına subsidiyalar ödənilib, ərzaqlıq buğdanın idxalı və satışı, həmçinin unun və çörəyin satışı ƏDV-dən azad olunub. Biz sahibkarlara göstərilən dəstək tədbirlərinin nəticəsidir ki, qlobal qiymət dəyişiklikləri Azərbaycan bazarına ciddi təsir etməyib, 50 kq-lıq bir kisə unun topdan satış qiymətini 26 manat səviyyəsində saxlamağa imkan verib".
Mövcud subsidiya mexanizminin 2021-ci ilin dekabr ayının sonunadək qüvvədə olmasını nəzərə alaraq, hazırda buğda idxalının və un istehsalçılarının fəaliyyətinin davam etdirilməsi, ölkəmizin bu strateji ərzaq məhsulu ilə etibarlı təminatı, eləcə də qıtlığın yaranması təhlükəsinin qarşısının alınması məqsədilə unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılması zərurəti yaranıb:
"Hesablamalarımıza görə, uyğunlaşmanın nəticəsi olaraq, 50 kq-lıq bir kisə unun topdan satış qiyməti 36 manatadək arta bilər və bu səbəbdən ənənəvi (dairəvi "zavod" çörəyi) çörəyin qiymətinin də maksimum 10-15 qəpik artması ehtimal olunur".
"Vətəndaşlarımızın qida təchizatında önəmli rolumuzu dərk edərək, bildiririk ki, unun qiymətinin ərzaqlıq buğdanın cari qiyməti ilə uyğunlaşdırılacağı halda, çörək və un məmulatlarının qiymətinin 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək qeyd etdiyimiz səviyyədən yuxarı qalxmaması üçün bütün səylərimizi səfərbər edəcəyik. Qida təchizatı zəncirinin bütün iştirakçılarını bizimlə həmrəy olmağa çağırırıq", - deyə əlavə olunub.
Buğdanın Rusiyada qiyməti
2021-ci ilin noyabr ayında Rusiyadan 1 ton buğdanın ixrac qiyməti əvvəlki aya nisbətən 7.01 faiz artaraq 337.5 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Rusiyanın daxili bazarında isə buğdanın qiymətində 2020-ci ilin noyabr ayından 2021-ci ilin iyul ayına qədər qeyri-müəyyənlik müşahidə olunub, sonrakı aylarda isə artım trendi ilə əvəz olunub. 2021-ci ilin noyabr ayında 1 ton buğdanın qiyməti əvvəlki aya nisbətən 1.23% artaraq 247.7 ABŞ dolları təşkil edib.
2021-ci ilin noyabr ayı ərzində Qara dəniz və Azov dənizi portlarında buğdanın 1 tonunun qiyməti müvafiq olaraq 330.0 ABŞ dolları ilə 345.0 ABŞ dolları və 302.0 ABŞ dolları ilə 315.0 ABŞ dolları arasında dəyişib.
2021-ci ilin noyabr ayında buğdanın 1 tonunun dünya bazarı qiyməti əvvəlki ay ilə müqayisədə 7.96% artaraq 317.4 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Qiymət artımlarını qarşılamaq üçün müəyyən dəstək olacaq
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, gələcəkdə qiymət artımlarının təsirinin minimallaşdırılmasının yeganə yolu ölkə daxilində ərzaq məhsullarının istehsalının tam dəyər zəncirini formalaşdırmaq, 100%-lik lokalizasiyaya nail olmaqdır.
Onun sözlərinə görə, idxal komponentlərindən asılı olan məhsullar üzrə idxalı əvəz edəcək istehsal sahələrinin yaradılması üçün əlverişli imkanlar mövcuddur: "Bu istiqamətdə kiçik və orta biznesin inkişafına dövlət dəstəyi mexanizminin səmərəsinin artırılması bu cür sahibkarlıq subyektlərinin, xüsusilə gənc sahibkarların məşğulluqda iştirak payının daha da yüksəldilməsinə gətirəcək. Hökumətin qarşıdakı dövrdə də əsas hədəflərindən biri yüksək əlavə dəyər yaradan emal sənayesinin sürətli inkişafıdır.
Regionların spesifikası nəzərə alınmaqla, məhsul istehsalı və emalı üzrə ixtisaslaşmanın dərinləşdirilməsi hədəflənib. Regionlarda işləməyən və ya zərərlə işləyən istehsal müəssisələrinin yenidən qurulması, sağlamlaşdırılması və özəlləşdirilməsinin sürətləndirilməsi nəzərdə tutulur".
M.Cabbarov vurğulayıb ki, Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və təbii olaraq, dünya bazarlarında müşahidə olunan proseslərin təsirlərini hiss edir: "Son illərdə dünyada istisnasız olaraq bütün ərzaq məhsullarının qiymətlərində kəskin artımlar qeydə alınır. Bunun üçün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının qlobal əmtəə, o cümlədən ərzaq qiymətlərinin qalxması ilə bağlı yaydığı məlumatlara diqqət yetirmək kifayətdir. Müşahidə olunan qiymət artımları son 30 ilin ən yüksək göstəricisidir. Qiymətlərin artımına səbəb olacaq bir çox proseslər mövcuddur və bu proseslərin dinamikası, təəssüf ki, getdikcə daha da artır. Ölkəmizin daxili bazarında qiymət artımlarının əsas səbəblərindən biri məhz idxal olunan məhsulların idxal bazarlarında qiymətinin artmasıdır…”
Nazir bildirib ki, Azərbaycan hökuməti qiymət artımlarının təsirlərini minimuma endirmək üçün bütün müvafiq addımları atır və 2022-ci ilin dövlət büdcəsi əhalinin gəlirlərinin artırılması komponentini nəzərə almaqla formalaşdırılıb: "Hesab edirik ki, bu, qiymət artımlarını qarşılamaq üçün müəyyən dəstək olacaq. Müsbət məqam ondan ibarətdir ki, beynəlxalq təşkilatların 2022-ci il üzrə əmtəə və ərzaq qiymətləri indeksinə dair proqnozlarında 2021-ci illə müqayisədə nisbətən azalma, əsas ticarət tərəfdaşı olan ölkələrdə istehlak qiymətləri indeksinin 2021-ci illə müqayisədə qismən aşağı proqnozları mövcuddur".