BAKI, 4 yanvar — Sputnik. Zəngəzur dəhlizi artıq reallığa çevrilir. İlham Əliyevin ötən aydakı Brüssel səfəri zamanı Avropa İttifaqının rəsmiləri də layihəyə öz dəstəklərini nümayiş etdiriblər. Ermənistanın baş naziri Zəngəzur dəhlizi boyu dəmiryolu əlaqəsinin bərpa olunması barədə razılığa gəlindiyini etiraf edib. Azərbaycan öz tərəfindən Zəngəzur dəhlizinə daxil olan dəmiryolu layihələri ilə bağlı işlərinə artıq başlayıb.
Bu da Bakıdan Naxçıvana birbaşa dəmiryolu xəttinin olması deməkdir. Maraqlıdır, Bakıdan Naxçıvana birbaşa dəmiryolu xəttinin olmasının əsas üstünlükləri nədir?
Sputnik Azərbaycan bu mövzunu araşdırmağa çalışıb.
Turizm üzrə ekspert Ramin Zamanov bildirib ki, Bakıdan Naxçıvana dəmir yolu xəttinin çəkilməsi turizm sektoru üçün böyük əhəmiyyət daşıyır. Turizm sektorunda nəqliyyat önəmli rol oynayır. Bakıya gələn turistlər bir çox hallarda Naxçıvana da getmək istəyirlər. Bakıdan Naxçıvana getmək üçün yolun yorucu olması əksər hallarda turistləri ora getmək fikrindən daşındırır. Lakin bu yenilik böyük turist axınına səbəb olacaq. Nəinki Azərbayan, bütünlükdə region üçün yeni bir turist marşrutu yaradıla bilər.
Ekspert deyir ki, ümumiyyətlə, pandemiyadan bir qədər öncəyə nəzər salsaq, turistlərin qatarlardan çox istifadə etdiklərini görərik. Lakin əvvəllər bu, belə deyildi. Çünki qatarla gəzinti daha maraqlı olur və tursitlər düşərək müxtəlif şəhərləri gəzmək imkanı əldə edirlər. Sürət qatarları həm də səfər zamanı yolları, ümumi mənzərəni daha rahat görməyə şərait yaradır.
Ekspertin fikrincə, turistlərin məlumatlandırılması üçün stansiyalarda Naxçıvana aid "buildboard"lar yaratmaq, maraqlı informasiyalar vermək mümkündür. Yaxşı olar ki, qatarlarda da bununla bağlı bələdçilər olsun və Naxçıvan, oranın turistik yerləri ilə bağlı məlumat verilsin.
Azərbaycan Turizm Assosiasiyasınin rəhbəri Əhməd Qurbanov isə deyib ki, nəqliyyatın şaxəli olması turizm üçün müxtəlif imkanlar yaradır. İşğaldan azad edilən ərazilərdə də nəqliyyat infrastrukturu ilə bağlı işlər aparılır:
"Bakıdan Naxçıvana qatar yolunun olması həm də iqtisadi cəhətdən ölkəmiz üçün gəlir gətirəcək. Daxili turizmdə də bu yola böyük maraq olacaq. Çünki Naxçıvanın turizm infrastrukturu güclüdür, insanlar hər zaman Naxçıvana səfər edərkən məmnun qalırlar. Belə bir qatar yolundan sonra isə düşünürəm ki, həm yerli turistlər, həm də əcnəbilər bura səyahət edəcəklər".
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında dəmir yolu xəttinin tikintisini 2022-ci ilin sonuna kimi yekunlaşdırmağa çalışacaqlarının deyib:
"Xəttin uzunluğu 11 km uzanıb. Artıq 40 kilometr torpaq yatağı hazırdır. Yaxın vaxtlarda yolun üst qatını düzməyə başlayacağıq. Tunel və körpü işləri də gedir. Paralel olaraq minalardan təmizlənmə işləri də aparılır. Bu ilin sonuna qədər yəqin ki 50 km-lik işlər yekunlaşacaq”.
C.Qurbanovun sözlərinə görə, "Horadiz-Ağbənd dəmir yolu xəttinin Naxçıvandakı dəmir yolu xətti ilə birləşdirilməsinə isə Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar nəticə verdikdən - kommunikasiyaların açılmasına razılıq əldə olunduqdan sonra başlanıla bilər.
"Ermənistanın Dəmir Yolları 2038-ci ilə qədər Rusiyanın idarəetməsində olacaq. Hesab edirəm ki, gələcəkdə bu müddət uzadılacaq", - deyə o əlavə edib.
Azərbaycan Dəmiryolları Qapalı Səhmdar Cəmiyyətinin Departament rəisinin müavini Elçin Məmmədovun dediyinə görə, Zəngəzur dəhlizinin ən mühüm hissəsi olan Horadiz-Ağbənd dəmiryolu xəttinin ümumi uzunluğu 110.4 kilometr təşkil edir. Xətt üzərində 8 dəmiryolu stansiyasının, 300-dək süni mühəndis qurğularının tikintisi planlaşdırılır. Bu dəmiryolu xətti Füzuli, Cəbrayıl və Zəngilan əraizisindən keçir.
O bildirib ki, hazırda görülən önəmli işlərdən biri xəttin çəkiləcəyi ərazilərin minalardan təmizlənməsidir. Artıq dron vasitəsilə ərazinin topoqrafik xəritəsi hazırlanıb:
"Birinci mərhələdə Horadiz, Mərcanlı, Mahmudlu, ikinci mərhələdə Soltanlı, Qumlaq, Mincivan istiqamətinə, üçüncü mərhələdə isə Mincivan, Bartaz, Ağbənd istiqamətlərində dəmiryolu xətlərinin tikintisi və layihləndirmə işləri həyata keçiriləcək".
Xatırladaq ki, 30 il ərzində işğala məruz qalan torpaqlarımızda dəmir yolu infrastrukturu tamamilə dağıdılıb. Bunadək isə 320 kilometrə yaxın dəmiryolu xətti, dəmiryolu stansiyaları və digər dəmir yolu müəssisələri mövcud idi.
30 illik işğal dövründə Zəngəzur dəhlizi istiqamətində Azərbaycana məxsus 145 kilometr dəmir yolu xətti və 230 ədədə yaxın süni mühəndis qurğuları tamamilə məhv edilib. Hazırda ərazidə mövcud və yeni trassanın seçilməsi işləri davam edir. Dəmir yolu xəttinin 52 kilometrə yaxın hissəsi yeni, 58 kilometri isə köhnə trassla çəkiləcək.