BAKI, 4 yanvar - Sputnik. Yanvarın 3-dən Türkmənistan, İran və Azərbaycan qaz mübadiləsi çərçivəsində gündəlik 4.5 milyon kubmetr qaz almağa başlamışıq.
Bu sözləri İranın neft naziri Cavad Oci deyib.
O bildirib ki, İran, Azərbaycan və Türkmənistan prezidentlərinin Aşqabadda imzaladığı qaz mübadiləsi sazişinin icrasına başlanılıb.
"Biz gündəlik 4.5 milyon kubmetr qazı ölkənin şərqində təhvil alır və o miqdarda qazı İranın şimal-şərqində Azərbaycana təhvil veririk” – deyə, nazir bildirib.
Nazir əlavə edib ki, mübadilə olunan qazın həcmi İranın şimal-şərqində istifadə üçün qaz şəbəkəsində təzyiqi və dayanıqlılığı gücləndirib.
2021-ci il noyabrın 28-də Aşqabadda Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb.
Müqaviləni Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında keçirilən görüşdən sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İran neft naziri Cavad Oci imzalayıb.
Aşqabad müqaviləsinə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran üzərindən 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.