BAKI, 3 yanvar — Sputnik. Ötən gün Sərhəd Qoşunlarının "Qubadlı" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qətlə yetirib.
Qətlə yetirilən 22 yaşlı Rəfail İbrahimov Mingəçevir şəhər sakindir. O, 44 günlük Vətən müharibəsinə əsgər olaraq qatılıb. Müharibə başa çatdıqdan sonra nümunəvi əsgər olaraq ordu sıralarında xidmətini davam etdirib. Evin tək oğlan övladı olan Rəfail İbrahimov ailə üzvləri ilə bayram günü danışıb.
Kiçik gizirin anası Zeynəb İbrahimova Sputnik Azərbaycan -ın əməkdaşı ilə söhbətində deyib:
"Rəfail nəslin tək oğul övladı idi. 44 günlük Vətən müharibəsində də iştirak edib. Laçın rayonunun Güləbird kəndində xidmətdə idi. Nümunəvi əsgər olduğuna görə, hərbi xidmətini başa vurduqdan sonra qalıb orduda xidmətini davam etdirdi. Sərhəd qoşunlarında xidmət edirdi. Bayram günü danışdıq. Dedi, ana hər şey yaxşıdır, özüm də yaxşıyam. Balam gənc idi, çoxlu arzuları vardı. Hamısı yarımçıq qaldı."
İnsidentin hansı səbəbdən və hansı şəraitdə baş verdiyi hələlik Rəfailin ailə üzvlərinə də məlum deyil.
Rafael Ibrahimov
© Sputnik / Rahim Mammadov
Qeyd edək ki, yanvarın 2-də, saat 18 radələrində DSX-nin Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əvəzli Elxan Məhəmməd oğlu naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant İsmayılov Yusif İsmayıl oğlunu, kiçik gizir Cəlilzadə Amil Fuar oğlunu və kiçik gizir İbrahimov Rəfail Natiq oğlunu qəsdən öldürüb, daha sonra silahını ataraq hadisə yerindən qaçıb.
Rafael Ibrahimov
© Sputnik / Rahim Mammadov
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elxan Əvəzli 03 yanvar 2022-ci il tarixdə saat 00:30 radələrində Laçın rayonunun Malxələf kəndi ərazisində aşkar olunaraq şübhəli şəxs qismində saxlanılıb. Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Hərbi Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.