İQTİSADİYYAT

OPEC-də mühüm dəyişiklik: Küveyt nümayəndəsi baş katib təyin edildi

Sözügedən vəzifəyə yeganə namizəd Küveytin OPEC-dəki sabiq nümayəndəsi Haysam əl-Geysdir.
Sputnik
BAKI, 3 yanvar - Sputnik. OPEK ölkələri nazirləri Küveytdən olan Haysam əl-Geys (Haitham Al-Ghais) təşkilatın baş katibi vəzifəsinə təyin ediblər.
Bu barədə OPEK-in press-relizində deyilir.
Haysam əl-Geys 2016-cı ildən bu vəzifədə çalışan nigeriyalı Məhəmməd Barkindonu əvəz edəcək. Məhəmməd Barkindonun səlahiyyət müddəti 2022-ci ilin iyulunda başa çatır.
Qeyd edək ki, əl-Geys 2017-2021-ci illərdə Küveytin OPEK-dəki nümayəndə heyətinə rəhbərlik edib. Onun namizədliyi siyahıda yeganə olub.
***
Bu gün Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) üzv ölkələrin energetika nazirlərinin yeni görüşü keçiriləcək.
Təşkilatdakı iki mənbənin bildirdiyinə görə, görüşün məqsədi OPEC-in yeni baş katibini seçmək üçün müzakirələr aparmaqdır. Sözügedən vəzifəyə yeganə namizəd Küveytin OPEC-dəki sabiq nümayəndəsi Haysam əl-Geysdir. Onun namizədliyi dekabr ayının əvvəllərində müzakirə olunsa da, yekdil qərara gəlmək mümkün olmamışdı.
Hazırkı baş katib, 2016-cı ildən həmin vəzifədə olan Nigeriya nümayəndəsi Məhəmməd Barkindonun ikinci üç illik slahiyyət müddəti iyul ayının sonunda başa çatır. Report-un məlumatına görə, OPEC - in mövcud Nizamnaməsinə əsasən eyni şəxs baş katib vəzifəsini iki müddətdən artıq tuta bilməz.
1990-cı ildə San Fransisko Universitetindən politologiya ixtisası ilə məzun olmuş H.Geys Küveyt Xarici İşlər Nazirliyində, həmçinin neft şirkətlərində çalışıb. Ana dilindən savayı ingilis, fransız, ispan, portuqal, alman dillərini mükəmməl, Çin dilini danışıq səviyyəsində bilir.