BAKI, 3 yanvar — Sputnik. Füzulidə Təcili Tibbi Yardım Stansiyasının işçilərini təhqir edən və polisə tabesizlik göstərən şəxs saxlanılıb.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsinə yanvarın 1-də saat 20 radələrində 8 saylı Qayıdış qəsəbə sakini S.Hüseynovun xəstə olan anası üçün çağırışa gəlmiş Təcili Tibbi Yardım Stansiyasının işçilərini təhqir etməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları dərhal həmin ünvana gələrək S.Hüseynovu intizama dəvət etsələr də, o, polis əməkdaşlarına tabesizlik göstərib.
S.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb, onun sərxoş vəziyyətdə olması müəyyən edilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.