BAKI, 3 yanvar — Sputnik. Geridə qoyduğumuz 1 ildə bir çox hadisələr yaşanıb. Şou-biznes və mədəniyyət aləmi üçün 2021-ci il sakit ötüşməyib. Evlənənlər də olub, ayrılanlar da. Kimisi özünə təm-təraqlı toy edib, kimisi də səssiz-səmirsiz nikaha daxil olub.
Sputnik Azərbaycan 2021-ci ildə ailə həyatı quran məşhurların siyahısını təqdim edir:
Əməkdar artist Nigar Şabanova hərbçi sevgilisi Xəyyamla rəsmi nikaha girib. Xanəndə bildirib ki, toyları şəhidlərin ilindən sonra baş tutacaq.
Nigar Şabanovadan fərqli olaraq müğənni Sevda Yəhyayeva ötən il nişanlandığı və nikah masasına oturduğu həkim-genetik Zakir Bayramovla oktyabrda dəbdəbəli toy edib.
Xəzər televiziyasının tanınmış aparıcısı Xanım Yadigarlı da ailə quranlar sırasındadır. Aparıcı iyunun 10-da özünə toy edib.
Model Rüstəm Cəbrayılov pandemiyaya görə təxirə düşən toyunu bu il gerçəkləşdirib. O, iyulda Aysel adlı xanımla evlənib. Qeyd edək ki, bu Rüstəm Cəbrayılovun ikinci evliliyidir. "The Best Model of the World" müsabiqəsinin qalibi, Amerikada yaşayarkən gürcü əsilli xanımla evli olub.
Aparıcı Cavid Gül nişanlısı Nərgizlə pandemiyada nikah masasına otursa da, bu il dəbdəbəli toy edib.
Əməkdar artist Vəfa Zeynalova qızı Səbinəyə iyulun 19-da toy edib. Səbinə seçib-sevdiyi bəylə ailə qurub.
"Qurd" ləqəbi ilə tanınan reper Fərid Eminov və nişanlısı Leyla Məmmədova ilə evlənib. Cütlüyün toyu noyabrda baş tutub.
Əməkdar artist Nüşabə Ələsgərli bu il qızı Nigara toy edib. Nigar Türkiyə vətnədaşı Doğanla ailə qurub. Cütlük pandemiya ərəfəsində nikah kəsdirsə də, toylarını avqustda edə bilib.
Bu il nikah masasına oturanlar sırasında klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu da yer alıb. Musiqiçi aktrisa Aysel İbrahimova ilə nikah masasına oturub. Bir müddət əvvəl cütlüyün oğlan övladı dünyaya gəlib.
Aktrisa Aydan Axundova həmkarı İbrahim Çingizlə nikah masasına oturub. Cütlük bir neçə il əvvəl nişanlanmış, pandemiyaya görə toyları təxirə düşüb.
Bu il ən çox gündəm olan cütlüklərdən biri də teleaparıcı Şəhriyar Əbilov rəqqasə-aktrisa Oksana Rəsulova oldu. Cütlük 4 ildir evli olduğunu açıqlayıb. Cütlüyün sosial şəbəkədə nikah fotosu yayılıb. Məşhur cütlüyün Osman adlı oğlu var. Bu, Şəhriyarın ilk evliliyi, Oksananın isə ikinci evliliyidir. Məşhur rəqqasə bundan öncə iki dəfə ailəli olub.
Aktyor Əmrah Dadaşov və aktrisa Asya Atakişiyeva noyabrın 15-də toy edib. Onlar bir neçə il əvvəl nişanlansa da, pandemiyaya görə toyları təxirə düşmüşdü.
Müğənni Nadir Qafarzadə isə oğlu Loğmana təmtəraqlı toy edib. Müğənninin oğlu Əntiqə adlı xanımla ailə qurub. Səhnəmizin "Əjdaha"sının gəlinin geyimi Fransadan gətirilib. Belə ki, paltar Fransanın məşhur firmalarının birində hazırlanıb. Rəqəmlə bağlı dəqiq məlumat verilməsə də, paltarın 10 min manata yaxın qiymətinin olduğu deyilib.
Reper Elşad Xose ikinci dəfə ailə həyatı qurub. Reperin nikahı bu günlərdə baş tutub. Onun nikah mərasimindən olan görüntüləri sosial şəbəkədə yayılıb.
Qeyd edək ki, Xose bir müddət əvvəl "Onun sirri" proqramında Lətifə adlı bir xanımla eşq yaşadığını açıqlamışdı. Reper bundan əvvəl rəqqasə Oksana Rəsulova ilə evli olub.
Evlənənlərlə yanaşı, çox təəssüf ki, boşananlar da oldu.
Bunlardan biri "Fəlakət" obrazı ilə tanıdığımız Elşən Orucovdur. Elşən Orucov 2018-ci ildə İlahə adlı xanımla ailə həyatı qurmuşdu. Cütlük bu il boşanıb. Onların bu nikahdan bir qız övladları var.
Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni Aynişan Quliyeva həyat yoldaşı, fitness məşqçisi Kənan Əliyevdən rəsmi olaraq bu il boşanıb. Cütlüyün fevralın 1-də təmtaraqlı toy mərasimi baş tutmuşdu.