AZƏRBAYCAN XƏBƏRLƏRİ

Prezident 2022-ni "Şuşa ili" elan etdi

Prezident vurğulayıb ki, 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik.
Sputnik
BAKI, 1 yanvar - Sputnik. 2022-ci il "Şuşa ili" elan olunub.
Sputnik Azərbaycan bildirir ki, bunu Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bəyan edib.
"Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm", - dövlət baçısı deyib.
"Azərbaycanın bölgələrinə bu il 47 dəfə səfər etmişəm, bu səfərlərin 32-si azad edilmiş torpaqlara olan səfərlərdir. Təkcə Şuşa şəhərinə 7 dəfə getmişəm. Biz Şuşada böyük quruculuq işlərinə start verdik və azad edilmiş torpaqlar arasında təbii olaraq ən genişmiqyaslı bərpa işləri Şuşa şəhərində aparılır. Eyni zamanda, digər şəhər və kəndlərdə çox genişmiqyaslı işlər aparılır və aparılacaq", - Prezident vurğulayıb.