BAKI, 1 yanvar - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Yeni il və Milad bayramı münasibətilə həmvətənlərini təbrik edərkən sülhdən danışıb.
Sputnik Azərbaycan bildirir ki, o, müraciətində öncə ölkədə peşəkar ordunun yaradılması məsələsini önə çəkib.
"Əsas vəzifəmiz bizim silahlı qüvvələrdə islahatlar aparılmasıdır. Ermənistanın peşəkar ordusu olmalı, özü də oraya daha çox qadın cəlb edilməlidir", - Paşinyan deyib.
Onun sözlərinə görə, "strateji perspektivdə həqiqi hərbi xidmət kökündən dəyişməli, məcburi hərbi toplanış və təlimlərə çevrilməli, bunlar müntəzəm dövriliklə ömür boyu aparılmalıdır".
"Vurğulamaq istəyirəm ki, siyasi cəhətdən bizim ordumuz qarşısına ərazi zəbt eləmək vəzifəsi qoyulmayıb. Onun vəzifəsi - ölkəmizin ərazi bütövlüyünün müdafiəsi və təhılükəsizliyin qorunmasıdır", - baş nazir deyib.
O əlavə edib ki, təhlükəsizliyin təmin olunması hazırda Ermənistan qarşısında duran əsas çağırışdır.
"Təcrübə göstərir ki, təhlükəsizliyi təmin etməyin ən etibarlı yolu sülhdür", - Paşinyan qeyd edib.