BAKI, 1 yanvar – Sputnik. Leyla Bağırova ilk dəfə 2021-ci ilin sonunda Bakıda Moda Həftəsində təbii piton dərisindən unikal əl işlərini nümayiş etdirib. Modelyerin çantaları, cüzdanları, kəmərləri, əlcəkləri yerlilərinin böyük marağına səbəb olub.
İndoneziyadakı həyatı və yaradıcılığı haqda Leyla Sputnik Azərbaycan-a danışıb.
Leyla öz həmyerlisi ilə ailə qurub. Dörd il əvvəl onlar İndoneziyaya köçməyi qərara alıblar. Oradakı hər şey – daimi qızmar hava, ekzotik meyvələr və s. – dərhal onların xoşuna gəlib.
Leyla Bağırova Bakıda Moda Həftəsində təbii piton dərisindən unikal əl işlərini nümayiş etdirib.
© Sputnik / Kemale Aliyeva
Leyla Vətənindəki qohumlarına tez-tez baş çəkməyə çalışır. İndoneziyaya köçəndən sonra oradakı müxtəlif moda nümayişlərində olub və tanınmış dizaynerlə ünsiyyət qurub. İndoneziyalı modelyerlərin kolleksiyalarını Leyla çox bəyəndiyini deyir.
“Qərara gəldim ki, öz emalatxanamı açım, çox çətin olsa da ən yaxşı on ustanı tapdım. Əsasən piton dərisindən gödəkçələr, çantalar, cüzdanlar, kəmərlər, əlcəklər tikirəm. İndoneziyada əsasən qurbağa, kərtənkələ, ilan yediklərindən modelyerlər bunların dərisindən unikal əşyalar düzəldirlər. Mən isə yalnız piton dərisi ilə işləyirəm”, - Bağırova bildirir.
Leyla Bağırova Bakıda Moda Həftəsində təbii piton dərisindən unikal əl işlərini nümayiş etdirib.
© Sputnik / Kemale Aliyeva
Bütün əl işləri İndoneziyadakı emalatxanada hazırlanır, sonra isə həm Azərbaycanda, həm də bütün dünyada satılır. Onun əsas müştəriləri həmvətənləri olsa da, Rusiya və Gürcüstandan da sifarişlər alır. Bunlar sırasında tanınmış adamlar da var.
İndoneziyada Leyla öz əl işlərini satmır – buradakı istehsalçılar arasında böyük rəqabət var.
Bağırova deyir ki, zahirən incə görünsə də piton dərisindən olan əşyalar möhkəmliyi və aşınmaya davamlılığı ilə seçilir, buna görə də onlardan illər uzunu istifadə etmək olar. Çantaları hazırlamaq üçün o, qarın və bel nahiyəsindən olan dərilərdən istifadə edir ki, bunlar da bir-birindən çox seçilir.
“Bel hissədəki pulcuqlar rombşəkilli, kənarları azacıq yuvarlaq olur. Ölçüsü həmişə kiçik olur. Dərinin öz naxışına gəlincə insan barmaqlarının izi kimi unikaldır və hər bir ilanın yaşadığı yerdən asılıdır. Qarın hissəsindəki pulcuqlar isə formaca daha çox kristala bənzəyir, həm iri, həm xırda ola bilir”, - Bağırova izah edir.
Bu əşyaların ən xoşagəlməz xüsusiyyəti isə həddən artıq baha olmasıdır - bu səbəbdən onların saxta variantları çox olur. Bağırova öz əl işlərini obyektiv qiymətə satmağa çalışır, ancaq deyir ki, elə olub ki, əl işlərini ondan alıb ağlagəlməz dərəcədə baha qiymətə başqalarına satıblar.
Leyla Bağırova Bakıda Moda Həftəsində təbii piton dərisindən unikal əl işlərini nümayiş etdirib.
© Sputnik / Kemale Aliyeva
Dizayner dəb izləyicilərinə əsl piton dərisini necə ayırd etməyi də öyrədib. Onun sözlərinə görə, əli çantanın səthinə çəkdikdə hər bir pulcuq ayrılıqda hiss olunmalıdır. Həmçinin piton dərisi bir qayda olaraq çox nazik və elastik olur.
“Təəssüf ki, bəzən qızlar piton dərisindən məhsullar alır, ancaq onların qeydinə düzgün qala bilmirlər. Məsələn, bu cür çantalara ağır əşyalar doldurmaq olmaz, onlar nəm və günəş şüasini sevmir. Yəni nə yağışda, nə qızmar günəş altında bu çanta ilə gəzmək alınmayacaq. Həftədə ən azı bir dəfə ilkin fakturası və rəngini itirməməsi üçün onu dəri üçün olan xüsusi vasitə ilə silmək gərəkdir”, - dizayner məsləhət verib.
Yeri gəlmişkən, piton, eləcə də timsah dərisindən olan əşyalar 2022-ci ilin trendləri sırasındadır.