CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni il tələsi: dələduzlar "uduş" vəd edirlər

Öz məlumatlarınızı daxil etdiyiniz saytları diqqətlə yoxlayın və şəbəkədəki "səxavətli" təkliflərə qarşı olduqca həssas yanaşın.
Sputnik
BAKI, 31 dekabr — Sputnik. Yeni il bayramında da internet dələduzluğu problemi öz aktuallığını saxlayır. Cinayətkarlar Yeni il ərəfəsində onlayn hədiyyə alanların diqqətsizliyindən istifadə edərək, tez-tez tanınmış brendlərin adı altında gizlənir, istifadəçilərə sadə oyunlar qarşılığında böyük məbləğdə uduş vəd edirlər.
Dələduzlar uduşun əldə edilməsi üçün bank kartı məlumatlarının daxil edilməsi və ya komissiya ödənilməsini istəyə bilərlər. Öz məlumatlarınızı daxil etdiyiniz saytları diqqətlə yoxlayın və şəbəkədəki "səxavətli" təkliflərə qarşı olduqca həssas yanaşın.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Kasperski" şirkətinin Azərbaycandakı nümayəndəsi Müşfiq Məmmədov deyib.
"Təcavüzkarlar öz sxemlərini hər zaman aktual hadisələrə uyğunlaşdırırlar. Yeni il bayramı da istisna deyil. Görürük ki, fırıldaqçılar tez-tez elektron ödəniş, sorğu, uduş səhifələri və onlayn mağaza adı altında gizlənirlər. Təhlükəsizlikdən əmin olmaq üçün saytın doğrudan da həmin brendə aid olduğunu, ünvan adının rəsmi adla üst-üstə düşdüyünü yoxlayın, həmçinin onun kimin adına və nə zaman qeydiyyata alındığını da dəqiqləşdirmək olar", - M.Məmmədov bildirib.
Onun sözlərinə görə, dələduzların toruna düşməmək üçün əsas qaydalara əməl etmək lazımdır:
"Elektron poçt, messencer və ya sosial şəbəkələrdəki şübhəli linklərə keçid etməyin, həmçinin şübhəli saytlardakı reklam banerlərinə klikləməyin. Ödəniş üçün məlumatları daxil etməzdən öncə ünvan zolağındakı sayt ünvanını diqqətlə yoxlayın. Daha yaxşı olar ki, onlayn alış-veriş üçün ayrıca bir kart, məsələn, virtual kart açasınız və onun balansında az məbləğ saxlayasınız, həmçinin gündəlik nağdlaşdırma limiti təyin edəsiniz. Fişinq və ya spam saytlarına, eləcə də zərərli reklam banerlərinə keçidi bloklayan qoruma proqramı yükləməkdə fayda var".