HADİSƏ

Ehtiyatlı olun: narkoman sürücülər sükan arxasında

Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən daha bir neçə şəxs müəyyən edilərək saxlanılıb.
Sputnik
BAKI, 31 dekabr — Sputnik. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının Şəmkir rayonu və Müşfiqabad qəsəbəsi ərazilərində yerləşən stasionar postlarda keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şəmkir rayonu ərazisində yerləşən stasionar postda Sumqayıt şəhər sakini Yaqub Qəniyevin idarə etdiyi "Mercedes", Müşfiqabad qəsəbəsi ərazisində yerləşən stasionar postda Kamal Sadıqovun idarə etdiyi "Saturun" markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar. Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib.
İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə onların barəsində protokollar tərtib olunub. Şəmkir rayon məhkəməsinin qərarı ilə Y.Qəniyev 400 manat məbləğində cərimələnib. Abşeron rayon məhkəməsinin qərarı ilə K.Sadıqov 6 ay müddətinə sürücülük hüququndan məhrum edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Xatırladaq ki, dekabrın 14-də Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilmişdi.
Hövsan qəsəbəsində yaşayan Araz Səfərəliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili psixotrop maddə olan metamfetamin qəbul edərək idarə etdiyini etiraf edib.
Təyin olunan ekspertiza zamanı Araz Səfərəliyevin sükan arxasında psixotrop maddələrin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Araz Səfərəliyevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanan material məhkəməyə göndərilib.
Bundan əvvəl isə narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən "Qaz 33"ün sürücüsü inzibati qaydada həbs edilmişdi. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitənin təsiri altında rayon ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər yol hərəkəti iştirakçıları və piyadalar üçün ciddi təhlükə yaradan sürücü saxlanılmışdı.
Axşam saatlarında Lənkəran rayon sakini Ceyhun Seyfiyevin idarə etdiyi "Qaz 3302" markalı yük avtomobili ilə rayon ərazisində yüksək sürətlə hərəkət etdiyi və yol hərəkət qaydalarını davamlı şəkildə pozduğu müəyyən edilib.
Ərazidə xidmət aparan dövlət yol polisi əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara rəğmən sürücü nəqliyyat vasitəsini saxlamayıb və təhlükəli manevrlər etməklə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq ərazidən uzaqlaşmağa çalışıb.
Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib. Həmin şəxs barəsində İnzibati xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyatı üzrə Rayon Məhkəməsinə göndərilib. Rayon Məhkəməsinin qərarı ilə C.Seyfiyev sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 20 gün müddətində inzibati qaydada həbs olunub.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda narkoman sürücülərlə bağlı "Yol hərəkəti haqqında" qanuna yenidən dəyişikliklər gözlənilir. Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında "Yol hərəkəti haqqında" qanuna dəyişikliyin zamanın tələbi olduğunu bildirib.
E.Muradlı deyib ki, hazırkı "Yol hərəkəti haqqında" qanunda bir sıra boşluqlar var ki, onlar aradan qaldırılmalıdır. Ekspert bildirib ki, dəyişdirilməsi zəruri olan məsələlərdən biri narkotik istifadə edərək sükan arxasına əyləşən sürücülərlə bağlı olmalıdır:
"Bizim də bu qanuna dəyişikliklərlə bağlı təkliflərimiz var. Hazırda qanun sərxoş sürücü ilə narkotik istifadə edən sürücüyə eyni cəza nəzərdə tutub. Biz təklif edirik ki, narkotik istifadə edib avtomobil və ictimai nəqliyyat vasitəsi idarə edənlərin cəzası daha da sərtləşdirilsin. Onlar tam sağalanadək sürücülük hüququndan məhrum edilsin".