BAKI, 31 dekabr — Sputnik. Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov gələn ilin yanvar ayının 1-dən etibarən paytaxtda sərnişindaşımada dizel mühərrikli avtobusların istismarına icazə verilməyəcəyini açıqlayıb.
Bu barədə hüquqşünas Facebook sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb: "Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarına əsasən, 2022-ci il yanvarın 1-dən Bakıda dizel mühərrikli avtobusların marşrut xətləri üzrə istismarı qadağan olunur.
Şübhəsiz ki, bu, mümkün deyil. Belə absurd və icrası real olmayan bir qərar olmamalıydı. Dəfələrlə vurğuladığımız kimi, Bakıdakı bütün nəqliyyat problemlərinin əsas kökü ictimai nəqliyyatdadır. Avtobus çatışmazlığı, mövcud avtobusların xeyli hissəsinin yararsız olması hər kəsə bəllidir.
Belə olan halda normal nəqliyyat siyasəti yürüdülməli, marşrut şəbəkəsi genişlənməli və şaxələnməli, avtobus sayı artırılmalı, təhlükəsizlik və komfort yüksəldilməli və s. Bunun əvəzində belə absurd qərarlar qəbul edilməsi işləri xeyli ləngidir…"
Hüquqşünas bildirib ki, NK-nın 73 saylı qərarının müvafiq bəndi ləğv edilməlidir. Əks halda bu bənd icra edilməyəcək: "Çünki icra edilsə, Bakı avtobussuz qalar. Ona görə də hüquqa və qanunvericiliyə hörmət edərək həmin bənd ləğv edilməlidir.
Sputnik Azərbaycan-a bu barədə açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, bununla bağlı Nazirlər Kabineti tərəfindən qərar qəbul edilib. Amma M.Ağayev Azərbaycanda 2022-ci ilin yanvar ayının 1-dək benzin və dizel mühərrikli avtobusların gətirilməsinin məhdudlaşdırılacağını söyləyib:
"Nazirlər Kabinetinin 4 mart 2019-cu il "Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər"in təsdiq edilməsi haqqında qərarı var.
Qərarın 2.1.14. yarımbəndində qeyd edilib ki, avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməlidir. Daşıyıcılara vaxt verilib ki, onlar o müddətə qədər avtobus parklarını ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə işləyən avtobuslarla əvəzləsinlər.
2022-ci ilin yanvar ayının 1-dən artıq sözügedən avtobusların gətirilməsi və xəttə buraxılmasına icazə verilməyəcək. Olanlar isə istismar müddətini başa vurduqdan sonra xətdən çıxardılacaq. Yəni istismara qəbul edilməyəcək.
Amma xətdə olanlar istismar müddətini başa vuranadək, daşıyıcının avtobus parkı yenilənədək xətdə işləyəcək. Əks halda sərnişinlər avtobus çatışmazlığı ilə üzləşə bilərlər. Qərarda da var ki, istismara həmin tarixdən etibarən dizel mühərrikli avtobuslar qəbul edilə bilməz".