CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yanvar ayının hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidməti yanvar ayı ərzində gözlənilən temperatur rejimini açıqlayıb.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. 2022-ci il yanvar ayına olan hava proqnozu açıqlanıb. Sputnik Azərbaycan xəbər verir ki, 2022-ci il yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
"2022-ci il yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Ayın ilk günlərində ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir", - deyə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilir.
Qeyd olunub ki, aparılmış çoxillik iqlim müşahidələrinə görə, yanvar ilin ən soyuq ayıdır.
Arktikadan soyuq hava kütlələrinin müdaxiləsi tez-tez baş verdikdə yanvar ayı nisbətən soyuq keçir. Çoxillik meteoroloji müşahidələrə görə, Bakıda yanvar ayı üçün ən soyuq hava 1907-ci il yanvarın 24-də qeydə alınıb. Həmin gün havanın minimal temperaturu -11° təşkil edib.
Son 20 il ərzində 2008-ci ilin yanvar ayının 1-ci həftəsində atmosfer sirkulyasiyasında dəyişiklik baş verib, orta troposferdə bərqərar olunmuş hava axınları çox soyuq olan Sibir antisiklonunun cənub enliklərindən hərəkət etməsinə şərait yaradıb. Həmin antisiklonun təsiri nəticəsində yanvar ayının 3-dən başlayaraq ölkə əraisində hava şəraiti kəskin dəyişib, anomal şaxtalı hava şəraiti bərqərar olub, temperatur iqlim normasından 10° aşağı enib və yanvarın 08-də -8.7° olub.
Həmin il yanvarın 7-də Bakıda ən güclü qar qeydə alınıb. Sutka ərzində 30.0 mm yağıntı düşüb ki, bu da aylıq normanın 128 %-ni təşkil edir. Qar örtüyünün hündürlüyü Bakıda 44 sm qeydə alınıb.
Atmosfer proseslərinin inkişafında isti hava kütlələri üstünlük təşkil edəndə qış mülayim və qısamüddətli olur.
Bakı şəhərində ən yüksək temperatur 1979-cu ilin yanvar ayının 4-də qeydə alınıb və həmin gün havanın temperaturu müsbət 22.3° olub. Son 20 il ərzində isə 2007-ci il yanvarın 28-də və 2019-cu il yanvarın 16-da Bakıda havanın maksimal temperaturu 20.1° olub.