BAKI, 30 dekabr - Sputnik. Keyfiyyətsiz Yeni il hədiyyələri yaxşı bir işmiş kimi heç aktuallığını itirmir.
Sputnik Azərbaycan bildirir ki, hələ Yeni il bayramı gəlməmişdən bir ay əvvəldən mağazalar müxətlif tərkibli və müxtəlif qiymətə hədiyyələrlə dolub-daşır.
Bir qədər baha hədiyyələrin içindəkilər keyfiyyətli olsalar da, ucuzları haqda eyni sözləri demək çətindir. Hazırda ticarət şəbəkələrində hətta 2 manata da hazır hədiyyə tapmaq olar.
Keyfiyyəti üstün tutanlar, əlbəttə ki, bahalı hədiyyə almağı düşünərlər, ancaq ailədə uşaqların sayı çox, maddi durum kasad olanda vəziyyət qəlizləşir. Bayram günü uşağını sevindirməyi isə hər kəs istəyər.
Yeni il hədiyyəsi
© Sputnik / Murad Orujov
Sputnik Azərbaycan-ın müxbiri ən ucuz hazır Yeni il hədiyyəsi alaraq içində nə olduğunu aydınlaşdırmağa çalışıb.
Bu hədiyyə cəmi iki manatdır. Diqqətlə baxanda ilk növbədə köhnə istehsal tarixinin üzərinə yenisinin yapışdırıldığını görmək çətin deyil.
İstehsalçı ötən il satılmayan hədiyyələrin istehsal tarixinin üstünə yenisini vurmağı qərara alıb, özü də bunu elə keyfiyyətsiz edib ki, altdakı tarix adama "gəl-gəl" deyir.
Hədiyyə qutusunun içində isə altı qənnadı məhsulu vardı - üç peçenye, iki vafli və bir çöplü şirə.
Hər məhsul yaxşı tanınan firmaların malına bənzəyir. Diqqətlə baxmasan, elə bilərsən ki, adət etdiyin şirniyyatdır. Ancaq nə edəsən ki, əsasən Asiya ölkələrində tətbiq edilən adların qəsdən səhv, yanlış yazılması buradan da yan keçməyib.
Yeni il hədiyyəsi
© Sputnik / Murad Orujov
Şirniyyatların öz istehsal tarixini də öyrənib "təzəliyinə" əmin olduqdan sonra dadına baxmağa qərar veririk. Dad əvəzləyicisi, boya və şəkərdən düzəldilmiş şirə acı dad verir, peçenyedən də konservantların tamı gəlir. Bundan sonra digərlərini dadmağa risk eləmirik.
Keyfiyyətsiz Yeni il hədiyyəsi problemi hər il bu vədə qabarır. Hər dəfə də tələbat artdıqca keyfiyyət düşür. Buna Azad İstehlakçılar Birliyinə daxil olan şikayətlərin sayının artması da dəlalət edir.
Bu təşkilatın rəhbəri Eyyub Hüseynovun sözlərinə görə, şikayətlər daha çox keyfiyyətsiz qida məhsulları və qapağı açılmayan şampan şüşələri ilə bağlı olur.
İstehsalçılar məhsulları cəlbedici qablaşdırmada təqdim etməyə çalışsalar da, çox zaman istehlakçılara bu məhsullar ya vaxtı keçmiş tarixlə çatdırılır, ya da o məhsullar lazımi şəraitdə saxlanılmır.
Yeni il hədiyyəsi
© Sputnik / Murad Orujov
"Valideynlər Yeni il bayramlarına gedəndə başları tədbirə qarışır, hədiyyələrin içinə baxmağı isə unudurlar. Uşaqlar isə bu andan istifadə edərək hədiyyənin içindəkiləri yeyir, sonra da zəhərlənirlər. Ona görə Birlik valideynlərə hədiyyə qutularını alıb içini özlərinin doldurmalarını tövsiyə edir", - Hüseynov deyib.
Birlik rəhbəri bu cür hallarla qarşılaşdıqda Qida Təhlükəsizliyi Agentliyinə müraciət etməyi məsləhət görüb.