BAKI, 30 dekabr — Sputnik. Azərbaycan Milli Məclisi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət qəbul edib.
Sputnik Azərbaycan xəbər verir ki, müraciətin mətnini Milli Məclisin deputatı Könül Nurullayeva oxuyub.
Müraciətdə bildirilir ki, dünya azərbaycanlılarının birliyinin əsas ideyasını azərbaycançılıq təşkil edir.
Qeyd edilir ki, dünya azərbaycanlıları möhkəm birlik nümayiş etdirirlər. Bakıda dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi xalqımızın mütəşəkkil qüvvə kimi formalaşmasına təkan verib.
"Xalqımız 30 il ərzində Qarabağın işğaldan azad ediləcəyinin həsrəti ilə yaşayıb. Artıq Qarabağ düşməndən azad edilib. Xalqımızın arzusu gerçəkləşib. Bu zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevlə bərabər, Azərbaycan Ordusu və dünya azərbaycanlıları birləşərək əldə ediblər.
Azərbaycanın dünyanın inkişaf etmiş sıralarında daim irəliləməsi birliyimizdən çox asılıdır. Həmvətənlərimizin Qarabağda bərpa-quruculuq işlərində iştirak edəcəklərinə də inanırıq. Bu gün Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Respublikası dünyanın ən dinamik inkişaf edən ölkələri sırasındadır. Azərbaycanın dünyadakı nüfuzu daha da artır. Xalqımızın birliyinin daha möhkəmləndirilməsi üçün görəcəyimiz işlər az deyil. Dəyərli soydaşlarımız, sizi sıx birliyə, xalqımızın mənafeyinin qorunmasına çağırırıq", - müraciətdə deyilir.
Qeyd edək ki, "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin müraciətinin təsdiq edilməsi haqqında" Milli Məclisin qərar layihəsinə baxılıb və sonda qəbul edilib.