BAKI, 30 dekabr — Sputnik. Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiya yaxın vaxtlarda yaradıla bilər. Bunu RİA Novosti-yə müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Andrey Rudenko açıqlayıb.
"Belə güman edirik ki, bu tezliklə baş verəcək. Yüksək səviyyəli razılaşmanın reallaşması yolunda hər hansı bir qarşısıalınmaz maneə görmürük", – deyə o bildirib.
Rusiya xarici işlər nazirinin müavini onu da qeyd edib ki, may ayında Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində vəziyyətin gərginləşməsindən bəri Rusiya vasitəçi rolunda çıxış edərək, Azərbaycanla Ermənistan arasında müvafiq danışıqlar prosesinin başlanmasına öz yardımını təklif edib.
"Onu da qeyd edim ki, baş verən insidentlərin Rusiya sülhməramlılarının məsuliyyət zonasına birbaşa aidiyyəti yoxdur. Problem sovet dövründən miras qalıb və iki ölkə arasında dövlət sərhədinin bütün uzunluğu boyunca lazımi beynəlxalq hüquqi düzənləmənin olmaması səbəbindən yaranıb", –deyə o vurğulayıb.
Regional təhlükəsizlik və "qırmızı xətlər"
Andrey Rudenko əmindir ki, Cənubu Qafqazdakı geosiyasi reallıqlar regional təhlükəsizlik sisteminin formalaşması üçün əsas rolunu oynamalıdır.
"Regional təhlükəsizliyin optimal sxemi barədə danışsaq, onun regionda hökm sürən geosiyasi reallıqlar əsasında formalaşmasının imperativliyindən çıxış etmək lazım gəlir", – deyə o bildirib.
Rusiya bütün dövlətlərlə, o cümlədən, Cənubi Qafqazdakı qonşularla dinc yanaşı yaşama və bərabərhüquqlu əməkdaşlığın tərəfdarıdır.
"Bu, Tbilisinin təşəbbüsü ilə dövlətlərarası əlaqələrin kəsilməsinə baxmayaraq, Gürcüstana da tamamilə aiddir", – deyə diplomat əlavə edib.
Onun sözlərinə görə, Gürcüstanın NATO-ya daxil olması və onun ərazisində hərbi zərbə sistemlərinin yerləşdirilməsi Moskva üçün "qırmızı xətlər" hesab olunur.
"Çünki bu cür hərəkətlər Cənubi Qafqazda qüvvələrin hərbi-siyasi balansını kökündən dəyişərək Rusiyanın və onun regiondakı müttəfiqlərinin təhlükəsizliyinə bilavasitə təhdid yaradacaq", – deyə o bildirib.
Bununla yanaşı, Rudenko qeyd edib ki, Tbilisinin təşəbbüsü ilə münasibətlərin pozulmasına baxmayaraq, Moskva Gürcüstanla dinc yanaşı yaşama və bərabərhüquqlu əməkdaşlığın tərəfdarıdır.
Həmçinin oxuyun:
Rusiya Qarabağa sərmayə qoymağa hazırdır – detallar