CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bayram yarmarkası: süfrə neçəyə başa gələcək? - Video/Foto

Alıcılar deyirlər ki, bəzi məhsulların qiyməti bazardan və marketdən aşağıdır.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. Sabah bayram olsa da Bakının Nərimanov rayonu, "Gənclik" metrostansiyasının çıxışında yerləşən kənd təsərrüfatı məhsullarının satış yarmarkasında qələbəlik müşahidə olunmurdu. Alıcı azlığı yarmarkaya məhsul gətirən fermerlərin də üzündə narazılıq ifadəsi yaratmışdı. Amma bununla belə, onlar günün sonuna qədər gətirdikləri məhsulları satacaqlarına ümid edirdilər...
Sputnik Azərbaycan bayram öncəsi yarmarkada məhsulların satış qiymətləri ilə bağlı reportajı təqdim edir.
Yarmarkada satışa çıxardılmış kənd təsərrüfatı məhsullarının qiymətləri yarmarkanın içərisindəki elektron lövhədə əks olunduğundan, alıcılar alış-verişə başlamamış qiymətlərlə tanış ola bilirdilər. Elə biz də öncə elektron lövhədə qiymətlərə nəzər saldıq.
Yarmarkada dana ətinin bir kiloqramı 9 manat 50 qəpik, qoyun əti 11 manata təklif olunur. Balıq isə 6-13 manata satılır.
Yeni il süfrəsinin ən dadlı təamlarından olan hindtoyuğunun bir kiloqramı isə 13-15 manatdır. Satıcı Məhərrəm Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, bu il hindtoyuğunun qiymətində artım ölkədə baş vermiş bahalaşma ilə bağlıdır: "Bayram yarmarkasına 400 hindtoyuğu gətirmişəm. Amma heç 200-nü satıb qurtarmamışam. Bu gün isə yarmarkanın son günüdür. Hamı qiymətin bahalığından şikayətlənir. Amma heç kəs demir ki, bir hindtoyuğunu əmələ gətirmək kəndliyə neçəyə başa gəlir. Kəndli də alıcıdır, biz də ərzağı baha alırıq. Ona görə məcburuq həyətimizdə yetişdirdiyimiz məhsulu baha sataq".
Yarmarkada toyuq ətinin bir kiloqramı 5-7, qaz isə 10 manata satılır.
M.Quliyevlə söhbət zamanı öyrəndik ki, hindtoyuqlarının bir ədədi ən azı 1 kiloqram 800, ən böyüyü isə 4 kiloqram gəlir. Fərə hindtoyuqlarının iki kiloqramlığı 30-35 manatdan ucuz olmur. 4 kiloluq erkək hindtoyuğunun bir ədədi isə 56 manata satılır.
Bakıda bayram yarmarkası
Bayram süfrəsinin əvəzedilməz təamı olan plovun hazırlanması üçün əsas məhsul olan düyünün qiyməti isə fərqlidir. Yarmarkada kiloqramı 2 manatdan başlayaraq 4 manata qədər düyülər satılır. Ağdaşın Qaradeyin kəndindən yarmarkaya düyü gətirən fermer Famil Kərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələ ki, gətirdiyi məhsulun hamısını sata bilməyib: "Yarmarkaya üç gündür ki, gəlmişəm. İndiyədək 250 kiloqram düyü satmışam. Amma bu təbii ki, qənaətbəxş deyil. Nəsə camaatda bayram əhval-ruhiyyəsi yoxdur".
F.Kərimov bildirdi ki, "Haşımi" adlandırılan düyü sortu öz dadı və ətri ilə fərqlənir: "Bu düyünün dadını ondan istifadə edənlər bilərlər. Elə alıcılarımız da dadını bilənlərdir".
Plovun zəruri ərzaqlarından olan şabalıd isə 8-12 manata satılır. Amma yarmarkada 15 manata da şabalıd satılırdı. Gavalı qurusu 4,50- 15 manat, ərik qurusu 12-20 manat, kişmiş 6-15 manata satılır.
Astaradan Bakıya portağal, naringi gətirən Kamran Əliyev isə şərait yaxşı olsa da, əhalinin alıcılıq qabiliyyətinin zəif olduğunu bildirdi. Onun sözlərinə görə, bayram yarmarkasına gətirdiyi məhsulun yarı hissəsini sata bilməyib: "Baxmayaraq ki, biz bazardan aşağı qiymətə satırıq, elə güclü satış yoxdur. Günün sonuna qədər gözləyək, görək nə qədər məhsul sata biləcəyik. Bayramı da necə keçirəcəyimiz buna bağlıdır".
Bakıda bayram yarmarkası
Qeyd edək ki, yarmarkada portağalın qiyməti 1,30-2 manat, naringi isə 90 qəpik-2 manat arasında dəyişir.
Almanın bir kiloqramı 0,35-2 manat, armud 1,40-2 manat, heyva 0,60-1,50, üzüm 2-2,20, limonun isə bir ədədi 10-70 qəpikdir.
Bayram süfrəsini çərəzsiz təsəvvür etmək çətindir. Yarmarkada isə çərəz çeşidi müxtəlifdir. Qabıqlı qozun bir kiloqramı 3-10 manat, fındıq 5-8 manatdır. Fındıq ləpəsinin bir kiloqramı 13-17 manat, qoz ləpəsi isə 8-23 manat arasında təklif edilir. Badam 14-24 manat, püstə 19-25 manatdır.
Onu da bildirək ki, bu dəfə yarmarkaya çıxarılan məhsulların keyfiyyəti daha yaxşı idi. Alıcı Şakir Rüstəmov Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, yarmarkada qiymətlərin birmənalı olaraq bazarla müqayisədə ucuz olduğunu söyləmək düzgün olmasa da, bəzi məhsulların qiyməti bazardan və marketdən aşağıdır: "Elə məhsullar var ki, marketdə ucuzdur, eləsi də var yarmarkada. Məsələn, mən yarmarkadan münasib qiymətə balıq almışam. Bu qiymətə bazarda balıq tapmaq mümkün deyil. Evimizə yaxın olduğundan burdan alış-veriş etmək mənim üçün daha sərfəlidir".
Bakıda bayram yarmarkası
Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyi 20-30 dekabr tarixlərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə "Kənddən Şəhərə" Yeni il yarmarkası təşkil edir.
Yarmarka Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda keçirilir. Yarmarkada əvvəlcədən qeydiyyatdan keçmiş 100-ə yaxın fermer kənd təsərrüfatı məhsulları satılır. Yarmarkanın təşkilində əsas məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və bayram ərəfəsində şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını təbii məhsullarla dolğun şəkildə qarşılamaqdır.
"Kənddən Şəhərə" Yeni il yarmarkası karantin rejiminin tələblərinə tam əməl olunmaqla keçirilir. Belə ki, yarmarkanın təşkil olunduğu ərazilərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılır, tibbi-profilaktik vəziyyətə, o cümlədən vətəndaşlar arasında sosial məsafənin saxlanılmasına xüsusi nəzarət edilir. Həmçinin fermerlərin və yarmarkanı ziyarət edən vətəndaşların temperaturları ölçülür, onlar zəruri tibbi ləvazimatlarla (tibbi maska, əlcək, spirt və s.) təmin olunurlar.
Bakıda bayram yarmarkası
"Kənddən Şəhərə" Yeni il yarmarkasında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi və digər ləvazimatlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edirlər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum logistika dəstəyi göstərir.
"Kənddən Şəhərə" Yeni il yarmarkası aşağıdakı ünvanlarda keçirilir:
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının yanı)
Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B ("İnqilab" kinoteatrının yanı)
Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A