HADİSƏ

Azərbaycan dənizçisi suya atılaraq itib

Gəmi heyəti tərəfindən dərhal suya xilasedici dairə atılıb və qayıq suya salınıb. Buna baxmayaraq dənizçi dairəni tutmayıb.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına aid "Qarabağ" gəmi-bərəsi göyərtəsində 33 vaqon olmaqla Ələt limanından Qazaxıstanın Kurık limanına doğru yola düşüb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilir ki, dekabrın 29-dan bərə əlverişsiz hava şəraiti ilə əlaqədar Kurık limanına yan alması üçün reyddə lövbərdə dayanıb.
Dekabrın 30-u, saat 08:45-də "Qarabağ" gəmisi reyddə lövbərdə dayanan vaxt 3-cü mexanik, 1981-ci il təvəllüdlü Zahir Əsgərəli oğlu Məstiyev özünü gəmidən atıb.
Heyət tərəfindən dərhal suya xilasedici dairə atılıb və qayıq suya salınıb. Buna baxmayaraq dənizçi dairəni tutmayıb.
Heyət üzvlərinin sözlərinə görə, Zahir Məstiyev səfər zamanı ailəsində problemlərin olduğunu bildirib. O, bununla əlaqədar əvəz olunması üçün müraciət edib. Müraciət əsasında gəminin Bakıya dönüşü zamanı onun əvəz olunması planlaşdırılırdı.
Hadisə ilə bağlı Qazaxıstanın və Azərbaycanın aidiyyatı qurumlarına dərhal məlumat verilib. Hazırda Zahir Məstiyevin axtarışı aparılır.