BAKI, 30 dekabr — Sputnik. Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Alov qüllələri” hotelinin qarşısında baş verən partlayışla bağlı məlumat yayıb.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Report"a bildirib ki, Yasamal rayonu, “Alov qüllələri” hotelinin yaxınlığındakı məşələ nəzarət edən Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən iş aparılıb.
"Ehtiyatsızlıq səbəbindən qaz sızması baş verib. Nəticədə partlayış qeydə alınıb. Orada çalışan iki işçinin xəsarət alması barədə məlumat almışıq. Qeyd edim ki, sayğacdan sonrakı xətdə “Azəriqaz” İstehsalat Birliyinin heç bir nəzarət funksiyası yoxdur. Yəni məşələ qədər olan hissədə heç bir problem baş verməyib. Hər şey saz vəziyyətdə olub", - o vurğulayıb.
----------
11:46
"Alov qüllələri" yaxınlığında baş verən partlayış Milli Məclisdə də eşidilb.
Sputnik Azərbaycan-ın müxbiri xəbər verir ki, parlamentin bu il üçün son iclasının başlamasına bir neçə dəqiqə qalmış güclü partlayış səsi eşidilib. Deputatlar və jurnalistlər partlayışın səbəbini öyrənmək üçün pəncərələrə doğru axışıblar.
Hadisə yerinə polis və təcili yardım briqadası gəldikdən sonra hər kəs işinin başına dönüb.
Hazırda ziyan görmüş avtomobillər oradan çəkilib, tıxac müşahidə olunmur.
-----------
11:21
Bakıda qaz sızmasından partlayış olub.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonunda, "Alov qüllələri"nin qarşısında qeydə alınıb.
Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.
Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıblar. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.