BAKI, 29 dekabr — Sputnik. Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində respublika üzrə ən yaşlı pensiyaçı, Lənkəran rayon, Şilavar kənd sakini Tamam Əzizova ilə görüşüb.
Məmişov Tamam Əzizovanın yaşadığı evə gedərək onun sosial vəziyyəti ilə maraqlanıb.
Qeyd edəkl ki, qızı ilə birlikdə yaşayan 131 yaşlı Tamam Əzizovanın 10 ögey, 4 doğma övladı var.
Pensiyaçının dediyinə görə, onları heç vaxt bir-birindən ayırmayıb.
Ögeyli-doğmalı 14 övladdan 39 nəvəsi, 62 nəticəsi və 20 kötücəsi var. 3 əsrin canlı şahidi olan Tamam Əzizova vaxtı ilə toxuculuq fabrikində işləyib.
Hazırda pensiyaçının əl işləri Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə mlumat DSFM-nin sosial şəbəkə hesablarında yayımlanıb.
Sosial şəbəkə istifadəçilərindən birinin yaydığı görüntüdə Tamam Əzizovanın öz yaşı ilə bağlı zarafat etdiyi əksini tapıb. "Nənə, neçə yaşın var?" sualına, o, "200 yaşım" deyə cavab verərək gülüb. Onun bu yaşda qıvraq və şən olması sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.