SƏHİYYƏ

Tibb qardaşı saxta vaksin sənədini necə düzəldib: Prokurorluqda cinayət içi açıldı

Tibb qardaşı tərəfindən bir neçə şəxsin vaksin olunmadıqları halda III doza vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər edilməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Sputnik
BAKI, 29 dekabr — Sputnik. "Qobustan Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin əməkdaşına saxta vaksin sənədi ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Sputnik Azərbaycan-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, xəstəxananın Çalov kənd tibb məntəqəsində bəzi şəxslərə COVID-19 əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlərin verilməsi barədə daxil olan müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla qeyd edilən tibb məntəqəsində tibb qardaşı işləyən Valeh Əhmədov tərəfindən Çalov kəndində yaşayan bir neçə şəxsin vaksin olunmadıqları halda III doza vaksin olunmaları ilə bağlı rəsmi sənədlərə müvafiq qeydlər edilməklə həmin məlumatların elektron məlumat bazasına yerləşdirilməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Qobustan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.
Qeyd edək ki, Azərbaycan vaksinasiyanın tətbiqinə başlayan ilk ölkələr sırasındadır. Dövlət vətəndaşların sağlamlığını qorumaq üçün vaksinlərin alınmasına külli miqdarda vəsait xərcləyir.
Ötən aylarda Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Pərviz Abubəkirov saxta vaksin sertifikatı barədə sualı cavablandırarkən demişdi ki, ölkə başçısının beynəlxalq arenadakı şəxsi nüfuzu sayəsində müxtəlif vaksin istehsalçılarından kifayət qədər vaksin preparatları alınaraq ölkədə vaksin ehtiyatı yaradılıb.
Vətəndaşların seçim imkanı var. Saxta peyvənd sertifikatı verənlər isə pandemiya ilə mübarizədə görülən işlərə zərbə vurur. Saxta sertifikat alandan sonra virusa yoluxanlar, o cümlədən vəziyyəti ağırlaşanlar statistikada "peyvənd olunmuş" kimi qeyd edilirlər. Bu da insanlar arasında peyvəndə qarşı inamsızlıq yaradır. Halbuki, peyvənd yoluxmanı və yoluxarkən ağırlaşmanı çox azaldır.
"Hüquq-mühafizə orqanları saxta peyvənd sertifikatı satanlara qarşı sərt tədbirlər həyata keçirirlər və bu barədə ictimaiyyət mütəmadi məlumatlandırılır. Vətəndaşlar da belə hallarla rastlaşdıqda bu barədə müvafiq dövlət qurumlarına məlumat verməlidirlər. Bu saxtakarlıq bizim hər birimizin sağlamlığı üçün təhlükə yaradır", - deyə P. Abubəkirov əlavə etmişdi.
Şöbə müdiri qeyd edib ki, saxta sertifikat alanlar da satan tibb işçiləri qədər məsuliyyət daşıyırlar, çünki cəmiyyətə qarşı təhlükə törədirlər, insanların inamını azaldırlar: "Buna görə də təkcə saxta sertifikat verən tibb işçiləri deyil, alan vətəndaşlar da cəzadan kənarda qalmamalıdırlar. Üstəlik, həmin insanlar KİV vasitəsi ilə də cəmiyyətə tanıdılmalıdır. Hamı bilməlidir ki, nə qədər çox insan peyvənd alsa, xəstəliyə yoluxanların sayı da bir o qədər az olacaq".