BAKI, 29 dekabr — Sputnik. Erməni təxribatlarının qarşısını alarkən həyata keçirilən əməliyyatlarda iştirak edən və fərqlənən hərbi qulluqçular ümumilikdə 154 mindən artıq orden və medalla təltif olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Anar Eyvazov il ərzində görülən işlər barədə keçirilən brifinqdə deyib.
Anar Eyvazov bildirib ki, bu günə qədər 92 min medal və orden aidiyyəti üzrə təhvil verilib. Digər orden və medalların yoxlanması və bölüşdürülməsi prosesi davam etdirilir.
Xatırladaq ki, dekabrın 27-də "Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı və "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005 – 2020)" Azərbaycan Respublikasının yubiley medalı təsis olunub.
Bununla əlaqədar Prezident İlham Əliyev "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Hər iki medalın təsviri təsdiq olunub.
Sənədə görə, hər iki medalla təltif etmək səlahiyyəti Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinə verilir.