Bu şirkət Azərbaycanın müdafiə sənayesini xarici asılılıqdan azad etmək istəyir

Şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün hesab edir ki, gələcəkdə müdafiə sənayesi sahəsində birgə müəssisələrin təşkili, birgə məhsulların istehsalı reallaşacaq.
Sputnik
BAKI, 29 dekabr — Sputnik. Biz Azərbaycanın müdafiə sənayesi sahəsində xarici asılılığını azaltmağı, texnologiya transferi layihələri vasitəsilə kritik texnologiyalara çıxışı təmin etməyi və yerli məşğulluq yaratmaqla sənayeni gücləndirməyi hədəfləyirik.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün deyib.
"Bizim Prezidentimiz son 20 ildə bu işdə inanılmaz iradə göstərdi. Müdafiə sənayesində yerli məhsulların xarici məhsullara nisbəti 20 il əvvəl yüzdə 20 faiz təşkil edirdisə, bu gün bu nisbət əks göstəricidir. İndi Türk ordusunda yüzdə 80 faiz yerli müdafiə sənayesi məhsullarından istifadə olunur. İki qardaş ölkə arasında əməkdaşlıq hər sahədə davam edir. Müdafiə sənayesi sahəsində də birgə istehsal, inkişaf mövzuları prioritetdir", - o deyib.
Görgün qeyd edib ki, 1998-ci ildən etibarən ASELSAN-ın Azərbaycanda "ASELSAN-Bakı" şirkəti fəaliyyət göstərir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə ASELSAN arasında, xüsusilə elektrooptika və gecəgörmə sistemləri ilə bağlı birgə istehsalat fəaliyyətləri həyata keçirilir. Son illərdə bələdçi dəstlərlə bağlı bəzi birgə fəaliyyətləri olub.
Görgün hesab edir ki, gələcəkdə müdafiə sənayesi sahəsində birgə müəssisələrin təşkili, birgə məhsulların istehsalı reallaşacaq:
"Bu sahədə texnologiyanı bilən, sevən, yaradıcı, innovativ universitet məzunlarına, beyin kapitalına ehtiyac var. Buna görə gələn il biz Texnofesti Azərbaycanda təşkil edəcəyik. Biz Azərbaycanın müdafiə sənayesi sahəsində xarici asılılığını azaltmağı, texnologiya transferi layihələri vasitəsilə kritik texnologiyalara çıxışı təmin etməyi və yerli məşğulluq yaratmaqla sənayeni gücləndirməyi hədəfləyirik", - deyə o, "Xalq qəzeti"nə müsahibəsində bildirib.
Qeyd edək ki, Haluk Görgün 1973-cü ildə İstanbulda anadan olub. Bakalavr və magistr təhsilini elektrik mühəndisliyi ixtisası üzrə Yıldız Texniki Universitetində, doktorantura təhsilini isə 2003-cü ildə ABŞ-ın Nyu-York ştatının Troy şəhərində Rensseler Politexnik İnstitutunda alıb. Doktoranturadan məzun olduqdan sonra 2004-2005-ci illərdə ABŞ-ın Konnektikut Universitetində elmi tədqiqatlarla məşğul olub. 2013-cü ildən Türkiyənin Yıldız Texnik Universitetinin professoru olub.