BAKI, 28 dekabr — Sputnik. Kaspiysk şəhəri və limanı Rusiyanın ən cənub hərbi-dəniz qalasına çevrilib. Dağıstanda Xəzər donanmasının yeni bazası Cənubi Qafqaz və Mərkəzi Asiyanın qonşu bölgələrinin təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək.
Lazım gələrsə, yeni baza 2600 kilometr radiusda, yəni Aralıq və Qara dənizlərdə, Fars və Oman körfəzlərində, Əfqanıstan, Bolqarıstan, Baltikyanı ölkələr, Ukrayna, Türkiyə və bir sıra başqa dövlətlərin bütün ərazilərində hərbi gücə imkan verəcək.
Raket və artilleriya gəmiləri, baza minaaxtaran gəmiləri, Xəzər donanmasının təminat gəmiləri (ümumilikdə 20 ədəddən çox) yeni bazaya - Kaspiysk limanına gəlib. Gəmi briqadalarının mühəndis-texniki heyəti və gəmi təmiri texnikası da daimi yerləşdirmə məntəqəsinə çatdırılıb. Hərbi dənizçilər burada məskunlaşır, gəmiləri döyüş tapşırıqlarını yerinə yetirməyə hazırlayırlar.
Bu yaxınlarda Kaspiyskdə yanalma körpülərinin, xidmət məntəqələrinin, dəniz piyadalarının 177-ci alay şəhərciyinin (2018-ci ildə formalaşdırılıb), sualtı təxribat qüvvələri və vasitələrinə qarşı mübarizə dəstəsinin təlim-material bazasının, hərbçilər və onların ailələri üçün yaşayış yerlərinin tikintisi başa çatdırılıb. Rusiya Müdafiə Nazirliyinin 2017-ci il tarixli hərbi dəniz birləşməsinin cənuba köçürülməsi ilə bağlı strateji qərarı praktiki olaraq tam həyata keçirilib.
Xəzər Donanması Cənub hərbi dairəsinin dəniz tərkib hissəsidir və Rusiya Hərbi Dəniz Qüvvələrinin ən qədim əməliyyat birləşməsidir (1722-ci ildə I Pyotr tərəfindən yaradılıb). Bir neçə dəniz briqada və divizionu, donanmanın sahil qoşunlarının hissələri Rusiyanın Xəzər dənizi regionunda milli-dövlət maraqlarını (antiterror tədbirləri, ticarətin qorunması, neft yataqlarının mühafizəsi) etibarlı şəkildə təmin edir. "Kalibr" raket kompleksləri Xəzər donanmasına strateji qeyri-nüvə maneəni və buraxılış nöqtəsindən 2600 km radiusda hərbi gücün həyata keçirməyə imkan verir.
Birliyin tərkibində 18 yeni döyüş gəmisi, axtarış-xilasetmə gəmiləri, sahil raket kompleksləri, dəniz aviasiyası, həmçinin xüsusi, texniki və arxa mühafizə hissələri də mövcuddur.
Döyüş potensialı
Xəzər donanmasının dəniz piyadaları dekabrın 27-də "küknar ağacının altında" meşəlik dağ ərazidə yerləşən Adanak poliqonuna yürüş ediblər. Hərbçilər bir neçə gün ərzində burada müasir döyüşün taktiki üsullarını, müasir kəşfiyyat, idarəetmə və rabitə komplekslərinin tətbiqini öyrənəcəklər. Manevrlərə 2000-ə yaxın dənizçilər və 100-dən çox hərbi və xüsusi texnika cəlb olunub.
Dəniz piyadaları bölmələrinin döyüş koordinasiyası müxtəlif istiqamətlərə bütün növ atıcı silahlardan, "BTR-82A" və "BTR-70M" zirehli transportyorlarının silahlarından və qumbaraatanlardan praktiki atışlarla (gecə və gündüz) başa çatacaq. Bu yaxınlarda Adanak poliqonunda effektli döyüş hazırlığı üçün hər cür şərait yaradılıb, infrastruktur müasirləşdirilib, dörd komanda məntəqəsi, 100 metrlik istehkam, 10-dan çox tədris yeri hazırlanıb, 20-yə yaxın yeni tipli hədəf quraşdırılıb.
Rusiya Hərbi Dəniz Qüvvələrinin tam təchiz olunmuş, yüksək mobil dəniz piyadaları alayı Qafqazın və Mərkəzi Asiyanın qaynar regionları yaxınlığında sabitləşdirici amil olaraq Rusiyanın cənub sərhədlərində potensial təcavüzkara ciddi xəbərdarlıq edəcək. Yenə də, Rusiya Hərbi Dəniz Qüvvələrinin sahil qoşunlarının və gəmilərinin Kaspiyskdə yerləşdirilməsinin əsas səbəbləri cənub strateji istiqamətdə mühüm hədəflərə yaxınlıq və Şərqi Avropada NATO ölkələri ilə hərbi qarşıdurmanın hipotetik vəziyyətində yüksək döyüş sabitliyidir.
Suriya kampaniyası zamanı Xəzər donanması ən yüksək döyüş effektivliyini nümayiş etdirdi. "Dağıstan", "Qrad Sviyajsk", "Velikiy Ustyuq" və "Uqliç" raket gəmiləri 7 oktyabr 2015-ci ildə Rusiyanın "Kalibr" qanadlı raketlərinin zərbə potensialını ilk dəfə olaraq dünyaya nümayiş etdiriblər: 26 atış nöqtəsindən 1500 km məsafədə Suriyada 11 düşmən hədəfini məhv edib.
Gələcəkdə, 2027-ci ilə qədər, "Kalibr-M" qanadlı raketin yeni modifikasiyasının uçuş məsafəsi 4500 km-i keçəcək. Xəzər "monstr"larının çatma zonasında hətta İspaniya, İngiltərə və Norveç kimi coğrafi cəhətdən uzaq NATO ölkələri də olacaq.
"Bal" sahil raket kompleksləri və "S-400" zenit-raket sistemləri ilə qorunan Kaspiysk Rusiyanın Xəzər dənizində, Qafqazda, Mərkəzi və Cənubi Asiyada əsas hərbi-dəniz qalasına çevrilir. Donanmanın yeni əsas bazası Rusiyanın müttəfiqləri olan Azərbaycan, Ermənistan, Xəzər dənizinin əhəmiyyətli akvatoriyası və Qazaxıstan ərazisinin bir hissəsi üçün hava hücumundan-raket hücumundan müdafiəsinin əlavə "təhlükəsizlik günbəzi" yaradır.
Təhlükəsiz sahil
Dağıstanda Xəzər donanmasının yeni baza məntəqəsində altı gəmi yanalma körpüsünün tikintisi başa çatdırılıb, döyüş hissələrinin texniki qorunması və dayanacaqların təmin edilməsi üçün yeni hidrotexniki qurğuların tikintisi davam etdirilir.
Təxminən üç kilometr uzunluğunda olan yanalma körpüləri Şimal və Cənub qoruyucu bəndləri 700 min kvadratmetr olan daxili limanı Xəzər dənizinin dalğalarından, çöküntülərindən və digər mənfi təsirlərindən etibarlı qorumaq üçün nəzərdə tutulub. Peyk görüntüsündə işin ümumilikdə tamamlandığını, Kaspiysk hərbi-dəniz bazasının mühəndislik sənətinin nümunəsinə bənzədiyini görmək olar.
Tikinti layihəsi düşmənin ehtimal olunan hücumlarından və təbii fəlakətlərdən qorunan qarnizonun bütün zəruri infrastrukturunu təmin edir. Bu, müasir təlim bazası, Rusiya Müdafiə Nazirliyində yeganə sualtı atıcılıq poliqonu, etibarlı silah-sursat anbarları, rahat yaşayış yerləri və kazarmalar, mədəniyyət evi, uşaq bağçaları, məktəblər, xəstəxana və yaxşı inkişaf etmiş yol şəbəkəsidir. Nəhəng həcmdə işlər tamamlanıb.
Xəzər donanmasının qərargahının və əsas bazasının Həştərxandan 400 kilometr cənuba köçürülməsi birlik gəmilərinin əməliyyat imkanlarını genişləndirir, Cənub Hərbi Dairəsinin cinahını gücləndirir, Rusiya sərhədlərini möhkəmləndirir, Avrasiyanın bu hissəsində mehriban qonşularına inam və təhlükəsizliyi artırır.