BAKI, 28 dekabr — Sputnik. İnzibati Xətalar Məcəlləsinə turizm haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni maddə əlavə edilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Yeni maddəyə əsasən, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək.
Eyni zamanda mehmanxanalar (hotellər) tərəfindən ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə iki min manatdan beş min manatadək məbləğdə cərimə müəyyənləşəcək.
Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki məlumatların yenilənməməsinə görə üç yüz manat məbləğində cərimə tətbiqi nəzərdə tutulur.
Yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə iki yüz manat məbləğində cərimə ediləcək.
Qeyd edilən xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə isə beş yüz manat məbləğində cərimə tətbiq ediləcək.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.