CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Seksual şantaj və qısnama - gender üzrə hesabatda diqqət çəkənlər

Son illərdə müşahidə olunan intihar hallarında cinsi qısnama və seksual xarakterli şantaj əlamətləri nəzərə çarpır.
Sputnik
BAKI, 28 dekabr — Sputnik. 2020-ci ildə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan müraciətlərin təhlili göstərir ki, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməsi ilə bağlı ən geniş yayılmış hallar özəl sektorda hamilə və himayəsində azyaşlı uşağı olan analarla əmək müqaviləsinə xitam verilməsi, işə qəbul zamanı əks cinsin nümayəndələrinə üstünlüyün verilməsi, işləyən analar üçün nəzərdə tutulmuş güzəştlərin nəzərə alınmaması və seksual qısnama ilə bağlı olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda (2020-ci il üzrə) əksini tapıb.
Hesabatda deyilir ki, bu istiqamətdə qanunvericilikdə məsuliyyətin müəyyən edilməsinə, həmçinin iş yerlərində gender mədəniyyətinin formalaşdırılması üçün geniş maarifləndirmə işinin aparılmasına ehtiyac var.
2020-ci ildə alınan məlumatlara görə, iş yerlərində seksual qısnama ilə bağlı faktlar qeydə alınmayıb. Lakin son illərdə müşahidə olunan intihar hallarında cinsi qısnama və seksual xarakterli şantaj əlamətləri nəzərə çarpır.

Kişilər arasında intihar halları qadınlara nisbətən daha çox baş verir

2020-ci ildə respublika ərazisində baş vermiş özünü öldürmə və özünü öldürməyə cəhd hadisələri üzrə statistik məlumat:
Özünü öldürmüş şəxslərin sayı - 597
Özünü öldürməyə cəhd etmiş şəxslərin sayı - 967
Yetkinlik yaşına çatmayan şəxslərin sayı - 65
Kişi - 928
Qadın - 636.

Gender bərabərliyinin təşviqi

Dövlət Komitəsi tərəfindən iş yerlərində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin qarşısının alınması məqsədilə genderə həssas yanaşmanın təşviqi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
İl ərzində Dövlət Komitəsi dövlət orqanlarında (qurumlarında) və həmçinin özəl şirkətlərdə gender məsul şəxslərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş fəaliyyətlər həyata keçirib.
Dövlət Komitəsi 2020-ci ilin oktyabr ayı ərzində “Genderə məsul şəxslərin vəzifələri və gender məsələlərinin təhlili” adlı təlimlər (5 təlim) təşkil edib. Təlimlərdə 60-a yaxın təşkilatın, nazirliklərin, dövlət komitələrinin, agentliklərin, dövlət xidmətlərinin və səhmdar cəmiyyətlərinin gender məsələləri üzrə məsul şəxsləri iştirak edib. Təlimlərdə gender bərabərliyinin təbliğ olunması, idarəetmədə genderə həssas yanaşmanın tətbiqi, gender əsaslı zorakılığın qarşısının alınması istiqamətində məlumatlar verilib.

Məişət zorakılığı

2019-cu ildə Komitəyə məişət zorakılığı ilə bağlı 242 müraciət daxil olmuşdursa, 2020-ci ildə bu rəqəm 179 olub.
Kütləvi informasiya vasitələrindən daxil olmuş 9 məişət zorakılığı faktı əsasında araşdırma aparılmış aidiyyəti üzrə əlaqədar qurumlarla məsələnin həlli istiqamətində işlər həyata keçirilib. Baş vermiş məişət zorakılığı hadisəsi ilə bağlı 3 halda sığınacağa yerləşdirilmə təmin edilib, 3 ölüm hadisəsi nəticəsində uşaqların vəziyyəti ilə bağlı daimi nəzarət və monitorinqlər aparılıb, həmin ailələr nəzarətə götürülüb.
Qeyd edək ki, dekabrın 27-də Milli Məclisin plenar iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqında” (2020-ci il) məsələ müzakirəyə çıxarılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı məlumatı parlament üzvlərinə Komitənin sədri Bahar Muradova təqdim edib.
İllik məlumat müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.