BAKI, 28 dekabr — Sputnik. Talibanın* hakimiyyəti ələ keçirməsi ərəfəsində ölkəni tərk edən Əfqanıstanın sabiq prezidenti Əşrəf Qəni öz xalqına xəyanət etdiyinə görə beynəlxalq məhkəməyə verilməlidir. Bunu RİA Novosti-yə müsahibəsində Əfqanıstanın Tacikistandakı səfiri Muhammed Zahir Əkbər bildirib.
"Qəni ölkəsini, xalqını sataraq qaçdı, onun haqqında danışmaq belə istəmirəm. Ona harada rast gəlsək, kim onu tutsa, xain və oğru kimi beynəlxalq məhkəməyə verməlidir", – deyə o vurğulayıb.
Səfirin sözlərinə görə, Qəni özünün kiçik qrupu ilə birlikdə bütün ölkəni və xalqı satıb. "Onun hakimiyyətinin bütün məmurları da Əşrəf Qəninin öz xalqı ilə bu cür rəftar etməsinə imkan verdikləri üçün cavab verməlidirlər" , – deyə Əkbər bildirib.
Qeyd edək ki, Əfqanıstanın sabiq prezidenti "qırğının qarşısını almaq" istəyini əsas gətirərək, Kabilin Taliban* tərəfindən zəbt olunması ərəfəsində ölkəni tərk edib. ABŞ-ın Əfqanıstan üzrə keçmiş xüsusi nümayəndəsi Zalmay Xəlilzad sentyabr ayında bildirmişdi ki, Qəninin qaçması amerikalılar və Taliban* arasında əldə edilmiş razılaşmaya mane olub. Həmin bu razılaşmaya əsasən, Taliban* paytaxtı ələ keçirməzdən bir neçə saat əvvəl Kabilə iki həftə əzrində girməməyə söz veribmiş.
Xəlilzad onu da deyib ki, razılaşma əldə olunan vaxt ABŞ administrasiyasında heç kim Qəninin ölkəni tərk etmək niyyətində olduğundan şübhələnməyib. Qəni qaçdıqdan sonra onun xəzinədən 169 milyon dollar oğurladığı haqda xəbərlər yayılıb.
Taliban* hərəkatı terror fəaliyyətinə görə BMT-nin sanksiyası altındadır.