BAKI, 28 dekabr — Sputnik. Həkim-infeksionist İlahə Vəliyevanın koronavirusun Azərbaycanda "Delta" və "Delta+" ştammlarını müəyyən edən reaktivlərin olmaması ilə bağlı açıqlaması sosial platformada müzakirə olunub.
O, Modern.az saytına açıqlamasında bildirib ki, uşaqlar arasında hazırda yayılan xəstəlik "Delta+" ştammıdır. Sadəcə ölkəmizdə "Delta" və "Delta+" ştammının reaktivinin olmaması üzündən verilən bütün testlərin cavabı neqativ çıxır. İnfeksionist bildirib ki, koronavirusun mutasiyaya uğrayan hər yeni növünün özünün reaktivi olmalıdır:
"İnkişaf etmiş ölkələrin çoxunda yeni variantın özünün reaktivi olduğuna görə onlarda statistika dəqiq qeydə alınır. Yeni ştammın reaktivi nəinki Azərbaycanda, MDB ölkələrinin çoxunda yoxdur".
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev isə Sputnik Azərbaycan-a bildirib ki, infeksionistin fikirləri absurddur. A.Musayev bildirib ki, ölkəmizdə PZR testi vasitəsilə koronavirusun yeni yayılmış ştammlarını müəyyən etmək mümkündür:
"PZR testindən başqa biz uşaqlarda qanda immunoqlobulini görməklə koronavirusun aktiv etapda olub-olmadığını da izləyə bilirik. Çünki koronavirusdan sonra uşaqlarda ağırlaşmalar olur. Bu MİS-C xəstəliyi (multiorqan yetməzliyi) adlanır. Bu post-koronavirus iltihab sindromu (MIS-C) immunitet sisteminin pozulmasının yeni bir formasıdır. Bu zaman uşağın ürək boşluğunda, ağciyərdə su yığılır. MIS-C COVID-in ağırlaşmasıdır. Bu virusun "Delta" və digər ştammlarında da müşahidə olunur. Biz onu nəzarətdə saxlamaq, müalicəni düzgün yönləndirmək üçün qanda immunoqlobulini izləməklə uşağın virusu keçirib-keçirmədiyini öyrənə bilirik. Ona görə də "Delta+" ştammlarını müəyyən etməyin ölkəmizdə mümkün olmadığı barədə fikirlər yalandır".
A.Musayev deyib ki, əksər uşaqlarda koronavirusu gizli keçirmə halları müşahidə olunur:
"Amma bəzi uşaqlarda koronavirus ağırlaşma ilə müşahidə olunur. Ağırlaşmalara COVID keçirən körpələrdə də rast gəlinir. Belə uşaqlarda, ürək, qaraciyər, böyrək funksiyaları zədələnir. Hətta böyrəyi imtina edən uşaqlara da rast gəlinir".
A.Musayev temperatur, halsızlıq müşahidə olunan uşaqlarda koronavirusun aşkarlanmamasını isə belə izah edir:
"Biz hazırda bu əlamətlərlə müraciət edən bütün uşaqları test edirik. Amma koronavirus aşkarlanmır. Çünki həmin uşaqlarda hansısa mövsümi yayılmış virusdan yaranan fəsadlardır. Hazırda respirator viruslar daha çox yayılıb. Bizim xəstəxanada da ağır formada müalicə alan uşaqlar var".