BAKI, 28 dekabr — Sputnik. Biz Avropa Şurasının üzvüyük. Bu qanunda da insan hüquqları baxımından hər hansı məhdudlaşdırıcı məqamlar yoxdur.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu bu gün Milli Məclisdə “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
O deyib ki, qanunu siyasi arqumentlərlə müdafiə etməyə ehtiyac yoxdur:
“Biz hüquqi arqumentlərlə çıxış edirik. “Media haqqında” qanun layihəsi bundan öncəki iki qanunun əsasında hazırlanıb və həmin qanun layihələri də Venesiya Komissiyası ilə əməkdaşlıq şəraitində hazırlanıb. Yeni qanunda da hər hansı məhdudlaşdırıcı məqamlar yoxdur. Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Belə təəssürat yaradılmamalıdır ki, insan hüquqları sahəsində əməkdaşlıqdan geri çəkilirik. Bu əməkdaşlıq davam edir və bu qanun da onun ən yaxşı nümunələrindən biridir”.
Qeyd edək ki, layihə 9 fəsil 78 maddədən ibarətdir.
Qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektlərinə, redaksiyalara, onların məhsullarına, həmçinin ölkə hüdudlarından kənarda olan və fəaliyyəti Azərbaycan ərazisinə və əhalisinə istiqamətlənmiş bütün media subyektlərinə, kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılan hissəsinə, habelə jurnalistlərə şamil edilir. Bildirilib ki, qanun layihəsində əsas anlayışların yeni redaksiyada şərhi verilib, media subyektləri, o cümlədən audiovizual media, çap mediası, onlayn media və informasiya agentliklərinin dairəsi, onlara dair tələblər öz əksini tapıb.
Sənəddə media sahəsində fikir müxtəlifliyini və fəaliyyət azadlığını təmin etmək, ölkədə hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq, medianın inkişafını təşviq etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyətini stimullaşdırmaq, rəqabət mühitini təmin etmək, bərabər fəaliyyət imkanları yaratmaq media sahəsində dövlətin əsas vəzifələri kimi göstərilib.
Qanun layihəsində jurnalistlərin fəaliyyətinə dair məsələlər, o cümlədən Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazların müəyyənləşdirilməsi, dövlət qurumlarında jurnalistlərin akkreditasiya olunması qaydaları, jurnalistin peşəkar fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər öz əksini tapıb.
Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında media sahəsində çalışan işçilərin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilir.
Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat barədə ictimaiyyətə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.
Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici jurnalistlərin və digər xarici media nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının normativ hüquqi aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.
Azərbaycan Respublikasında xarici media subyektlərinin filial və nümayəndəlikləri Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda açılır.
Xarici jurnalistlərin Azərbaycan Respublikasında akkreditasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.
Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər.
Müzakirələrdən sonra qanun layihəsi birinci və ikinci oxunuşda qəbul edilib.
Milli Məclis artıq ikinci oxunuşdan keçmiş "Media haqqında qanun" sosial şəbəkələrdə və KİV-də daha çox müzakirə olunur. Çünki jurnalistlərin və media mütəxəssislərinin bir hissəsi hesab edir ki, bu qanunda onlayn medianın və jurnalistlərin fəaliyyətini məhdudlaşdıracaq çox sayda maddələr var. Media və jurnalistlərin reyestrinin yaradılması ən çox etiraz edilən məsələlərdən biridir.