BAKI, 28 dekabr — Sputnik. Mədəniyyət naziri Anar Kərimov Çıraqqala abidəsində aparılan bərpa-konservasiya işləri ilə bağlı məlumat verib.
Sputnik Azərbaycan xəbər verir ki, "Mədəniyyət Nazirliyi 2021-ci il üzrə Hədəflər və Nəticələr" mövzusunda mətbuat konfransında çıxış edən nazir bildirib ki, abidənin bərpa işlərinin gələn il yekunlaşdırılması nəzərdə tutulur.
İşğaldan azad edilən ərazilərdə durum
Bundan başqa, nazir Şuşada yerləşən 45 abidənin üzərinə məlumat lövhələri quraşdırıldığını bildirib: "Ümumilikdə isə il ərzində ölkədə 110 mədəniyyət abidəsinin pasportu və abidələrin mühafizə zonası üzrə 72 layihə təsdiq edilib. Şuşada abidələrin elektron xəritələri hazırlanıb".
Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Laçın və Kəlbəcər üzrə 403 dövlət qeydiyyatında olan tarixi mədəniyyət abidəsinə baxış keçirilib. Nazir bildirib ki, eləcə də 162 dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji mənşəli obyektin monitorinqi aparılıb.
UNESCO-dan nə istəyəcəyik?
Nazir həmçinin bildirib ki, gələn il Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilməsi üçün bir neçə istiqamətdə UNESCO-ya müraciət ediləcək. Həmin istiqamətlər bunlardır: ipəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı, Molla Nəsrəddin lətifələri, sədəf sənəti, pəhləvanlıq, ənənəvi zorxana oyunları və idman növləri, çay mədəniyyəti, balaban sənətkarlığı və ifaçılıq sənəti.
Baxımsız abidələr
Nazir bölgələrimizdə yerləşən tarixi abidələrin durumu ilə bağlı da danışıb. Kərimov vurğulayıb ki, bölgələrimizdə baxımsız qalan abidələr çoxdur. Onları qorumaq isə hər kəsin borcudur:
"Mədəniyyət abidəsi bizim kimliyimizdir, onu qorumaq hər kəsin borcudur. Baxımsız qalan tarixi abidələrimiz həddindən artıq çoxdur. Məlumat lövhəsinin yerləşdirilməsi hələ o demək deyil ki, həmin abidə nazirlik tərəfindən qorunur. O lövhə ona görə yerləşdirilir ki, həmin abidə tarixi-mədəniyyət abidəsidir və onun qeydiyyat nömrəsi var.
Mədəniyyət nazirliyinin resursları az olduğuna görə biz burada başqa yanaşmalar fikirləşməliyik. Bu problemlərin aradan qaldırılması üçün özəl şirkətlərin bu sahəyə cəlbi və cəmiyyətimizin mədəni irsimizə həssaslığının artırılması vacibdir. Bununla bağlı keçən il layihəmiz var idi - "İrsimiz". Vətən müharibəsi başladığına görə onu reallaşdıra bilmədik".