SƏHİYYƏ

Bəzi xidmətlər daha 1 il ƏDV-dən azad edilir

Vergi məcəlləsinə dəyişikliyə görə, 1.01.2020-ci ildən 31.12.2021-ci ilə qədər olan möhlət 31 dekabr 2022-ci ilə qədər artırılır.
Sputnik
BAKI, 28 dekabr — Sputnik. Azərbaycanda "Tibbi sığorta haqqında" qanuna uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilir.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliyə əsasən, 1 yanvar 2020-ci ildən 31 dekabr 2021-ci ilə qədər olan möhlət 31 dekabr 2022-ci ilə qədər artırılır.
Xatırladaq ki, Azərbaycanda icbari tibbi sığorta üzrə Xidmətlər Zərfində il ərzində 300 sayda əməliyyat keçirilməsi limiti qoyulub. Bu, Agentliyin ölkə üzrə göstərilən məhdud xidmətləri sırasındadır". Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi ekspertizanın texniki qaydaları şöbəsinin müdiri Səbinə Quliyeva deyib.
Şöbə müdiri bildirib ki, limitlər həm koxlear, həm də oynaqdaxili protezlərin yerləşdirilməsi ilə bağlıdır:
"Oynaqdaxili protezlərə bud və diz oynağı aiddir. Gələcək dövrlər üçün həmin xidmətlərin limit sayının artırılması planlaşdırılır".
O, həmçinin xatırladıb ki, Xidmətlər Zərfinə aid xidmətlərin siyahısının artırılması ilə bağlı hökumətə təkliflər göndərilib:
"Hazırda zərfə 2550 xidmət daxildir. Yeni siyahıya daha 300 xidmətin əlavəsi nəzərdə tutulub. Zərfdən hər hansı xidmətlərin çıxarılması planlaşdırılmır, sadəcə müəyyən təsnifat kodları dəyişdirilə bilər".
Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin iclasında Azərbaycanda icbari tibbi sığorta çərçivəsində təqdim olunan xidmətlərin sayı artırılacağını demişdi.