HADİSƏ

Baş Prokurorluq sosial media istifadəçilərinə xəbərdarlıq etdi

"Prokurorluq haqqında" Azərbaycan qanununun 22-ci maddəsinə əsasən xəbərdarlıq elan edilib.
Sputnik
BAKI, 28 dekabr — Sputnik. Baş Prokurorluq daha bir qrup sosial media istifadəçilərinə xəbərdarlıq edib.
Sputnik Azərbaycan xəbər verir ki, Qurumun Mətbuat Xidməti xəbərdarlıq yayıb. Xəbərdarlıqda deyilir:
"Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılan araşdırmaların nəticələrinə əsasən, sosial media platformalarında konkret faktlara əsaslanmayan müxtəlif qərəzli məlumatları sensasiya naminə yaymaqla qeyd edilən qanunun 13-2-ci maddəsinin tələblərini pozan Yusubov Bəxtiyar Yusub oğlu, Günəşli Seymur Şirbala oğlu, İsmayılov Bəxtiyar Qafqaz oğlu, Namazov Mahir Nadir oğluƏzizov Musa Mazan oğluna "Prokurorluq haqqında" Azərbaycan qanununun 22-ci maddəsinə əsasən xəbərdarlıq elan edilib.
Azərbaycan Baş Prokurorluğu media subyektləri və sosial şəbəkə istifadəçilərini bir daha öz fəaliyyətlərində qanunvericiliyin tələblərinə riayət etməklə, dəqiqləşdirilməmiş və təhrif olunan məlumatların ictimailəşməsindən çəkinməyə çağırmaqla, qadağan edilən, eləcə də cəmiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən informasiyaların qərəzli surətdə yayılmasına görə bundan sonra da ən ciddi tədbirlərin görüləcəyini onların diqqətinə çatdırır".
Qeyd edək ki, bundan öncə də Baş Prokurorluqda Ermənistanın Kəlbəcər və Laçın rayonları ilə sərhədboyu ərazilərdə 15 və 16 noyabr 2021-ci il tarixlərdə törətdiyi silahlı təxribat ilə əlaqədar bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən həqiqətə uyğun olmayan məlumatların paylaşılması ilə bağlı araşdırmalara başlanılmışdı.
Müəyyən edilib ki, 4 nəfər şəxs – Ziyatay Muradov, Aqil Ələkbərov, Mehman Süleymanov və Nadir Vəliyev qeyd edilən hadisələrlə bağlı sosial şəbəkələrdə ictimaiyyətdə təşvişə səbəb ola biləcək, dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad edilməyən, süni ajiotaj yaratmaq məqsədilə həqiqətə uyğun olmayan məlumatlar paylaşıblar.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Ziyatay Muradov barəsində toplanmış materiallar əsasında İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, Aqil Ələkbərov, Mehman Süleymanov və Nadir Vəliyevə isə prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.
Baş Prokurorluq bildirib ki, bu istiqamətdə işlər davam etdirilməklə süni ajiotaj yaratmaq məqsədilə yalan və dəqiqləşdirilməmiş məlumatlar yayan kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcək.