CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turistlərə dəymiş zərəri kompensasiya etməli: "Turizm haqqında" qanun bunu tələb edir

Komitə sədri sənədin turizmin dayanıqlı inkişafını, turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını təmin edəcək hüquqi bazanı yaratdığını bildirib
Sputnik
BAKI, 27 dekabr — Sputnik. Milli Məclisin iclasında "Turizm haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Turizm haqqında" qanun layihəsi barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.
Komitə sədri sənədin turizmin dayanıqlı inkişafını, turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını təmin edəcək hüquqi bazanı yaratdığını bildirib.
O qeyd edib ki, sənəddə turizmlə bağlı əsas anlayışların şərhi verilib, bu sahədə dövlət idarəetməsinin əsasları göstərilib, turistlərin hüquq və vəzifələri, onların təhlükəsizliyinin və sığortalanmasının hüquqi tənzimlənməsinə dair maddələr təsbit olunub, turizm və rekreasiya zonaları ilə bağlı məsələlər öz əksini tapıb.
Qeyd edək ki, bu qanun Azərbaycan Respublikasında turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir.
Dövlət turizm orqanı turizm sənayesində rəqabət mühitinin inkişaf etdirilməsi məqsədilə turizm sənayesi subyektləri üçün müsabiqələr keçirə və fərqləndirici nişanlar təsis edə bilər. Həmin müsabiqələrin keçirilmə qaydasını və fərqləndirici nişanların verilməsi meyarlarını dövlət turizm orqanı müəyyən edir.
Turoperator və turagentlər turizm zərfinin və ya turizm xidmətinin turistlərə satışını yazılı müqavilə əsasında həyata keçirməlidirlər. Müqavilədə turizm zərfinə daxil olan xidmətlərin siyahısı, onların təsviri və qiyməti, ödəniş qaydası, turun başlama və bitmə tarixi, müqavilənin ləğvi şərtləri, mülki məsuliyyətin sığortası və istehlakçılara dəymiş zərərin kompensasiya edilməsi şərtləri və qaydaları mütləq əks olunmalıdır. Müqavilənin digər şərtləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir və müqavilədəki bütün qeyri-müəyyənliklər istehlakçıların xeyrinə şərh edilir.
Turoperator və turagentlər müqavilə şərtlərini pozmağa görə sığortaçı ilə mülki məsuliyyətin sığortası müqaviləsi bağlamalıdırlar. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sığorta məbləğinə dair minimum tələbləri Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə razılaşdırmaqla müəyyən edir.
Turoperator və turagentlər turizm zərfinin və ya turizm xidmətinin dəyərini ödəyən istehlakçılara turizm yollayışı təqdim etməlidirlər. Turizm yollayışı turizm zərfinin və ya turizm xidmətinin satışına dair müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir.
Turist göndərən turoperatorla və ya turagentlə turist qəbul edən turoperator və ya tura daxil olan konkret xidmətləri təklif edən şəxslər arasında qarşılıqlı ödəmələr turizm vauçeri əsasında həyata keçirilir.
Sənəd səsə qoyularaq qəbul edilib.