SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İsrail prezidenti İlham Əliyevi ölkəsinə dəvət etdi və səfirliyin açılmasını istədi

İsrail Prezidenti İsxak Hersoq İlham Əliyevi ölkəsinə səfərə dəvət edib və bu il Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin açılacağına ümid etdiyini bildirib.
Sputnik
BAKI, 27 dekabr - Sputnik. İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"İsrail Dövləti və xalqı adından 60 illik yubileyiniz münasibətilə Sizə ən səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram. Yəhudi ənənəsində deyildiyi kimi, 120 il yaşayasınız!", - deyə Hersoq arzusunu ifadə edib.
O bildirib ki, Azərbaycan və İsrail xalqları arasında münasibətlər onların tarixi qədər qədim və möhkəmdir.
"Sizin xalqınız müsəlman-yəhudi birgəyaşayışının parlaq nümunəsidir. Azərbaycanda yəhudilərin qardaş və bacı kimi sülh və harmoniya şəraitində yaşayışının uzunömürlü mirası vardır. Təəccüblü deyil ki, Azərbaycan əsilli yəhudilərin Sizin xalqınızla böyük bağlılığı mövcuddur", - məktubda deyilir.
Hersoq qeyd edib ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi inkişaf, maliyyə sabitliyi və nüfuzlu diplomatiya ilə tərəqqi edib.
"Sizin koronavirus pandemiyası ilə mübarizədə heyrətamiz addımlarınız səmərəli rəhbərliyinizin yalnız bir nümunəsidir. İnanıram ki, Azərbaycan Xəzər dənizi regionunda əlaqələrin normallaşdırılmasında həlledici rol oynaya bilər", - məktubda deyilir.
İsrail prezidenti İlham Əliyevi ölkəsinə səfərə dəvət edib:
"İcazə verin, Zati-alinizi İsrailə səfərə dəvət edim. Sizi İsraildə qəbul etmək mənim üçün həqiqətən xoş olacaqdır və bu, xalqlarımız arasında əhəmiyyətli təməl daşı olacaqdır. Həmçinin bu il biz Azərbaycan Respublikasının İsrail Dövlətində səfirliyinin açılacağına ümid edirik. Bu, Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılmasının təbii davamı olardı".
Məktub bu sözlərlə tamamlanır:
"Bir daha 60 illik yubileyiniz münasibətilə ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm. İsrail xoşbəxtdir ki, Sizin kimi dostu var və mən prezidentlik dövrümdən istifadə edərək xalqlarımız arasında əlaqələrin genişləndirilməsinə və dərinləşdirilməsinə çalışacağam".