BAKI, 27 dekabr — Sputnik. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Rusiya Federasiyasında qalan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtması təmin olunur.
Bu proses artıq bir neçə gündür həyata keçirilir.
Belə ki, gün ərzində "Samur" gömrük-sərhəd buraxılış məntəqəsindən ölkəyə daxil olan vətəndaşlardan koronovirus testi götürülür və bir günlük Qubada karantində saxlanılırlar.
APA xəbər verir ki, testi neqativ çıxanlar isə bir gündən sonra evə buraxılır.
Altı gündür davam edən prosesin bu gün yekunlaşdırılması nəzərdə tutulub. Ümumilikdə 600-dək vətəndaşın ölkəyə qayıdışı təmin olunub.
Xatırladaq ki, ötən il Dağıstanda olan azərbaycanlılar pandemiya ilə bağlı vətənlərinə qayıtmaqda çətinlik çəkmiş, günlərlə gömrük-keçid məntəqəsində gözləməli olmuşdular. Bu hal azərbaycanlılarla yerli polis arasında insidentlərə yol açmışdı. Azərbaycanın Rusiyadakı səfirliyinin müdaxiləsindən sonra problem tədricən yoluna qoyulmuşdu.