BAKI, 27 dekabr — Sputnik. Azərbaycanda qızların erkən ərə getməsi və uşaq dünyaya gətirməsi barədə tük ürpədən hallar mövcuddur. Azyaşlı qızların uşaq dünyaya gətirməsi cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, belə halların qarşısını almaq da çətinlik törədir.
Azərbaycanlılar israrla qızları həddi-buluğa çatmamış ərə verməyə çalışırlar.
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı haqqında" (2020-ci il) hesabat müzakirəyə çıxarılarkən səslənən rəqəmlər də qızların durumunu ortaya qoyub.
Sputnik Azərbaycan xəbər verir ki, hesabatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edir.
O bildirib ki, ötən il 165 nəfər 15 yaşınadək qızın nikahı qeydə alınıb. 2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər, 2019-cu ildə isə 2320 olub.
18 yaşadək analar tərəfindən doğulan uşaqların iqtisadi rayonlar üzrə statistikası
B.Muradova qeyd edib ki, 2020-ci ildə 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 1917 nəfər təşkil edib. Onlardan Aran iqtisadi rayonu üzrə 698, Gəncə-Qazax iqtisadi rayonu üzrə 325, Lənkəran iqtisadi rayonu üzrə 306 və Dağlıq Şirvan iqtisadi rayonu üzrə 109 nəfər qeydə alınıb. Ən az göstərici isə Kəlbəcər-Laçın iqtisadi rayonu üzrə 40 nəfər olmaqla qeydə alınıb.
Ötən il qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı
O bildirib ki, 2020-ci ildə ümumilikdə 126 571 uşaq doğulub. Onlardan 67 407-si oğlan, 59 164-ü qızdır. Bu uşaqlardan 108 857-si (58 219 oğlan, 50 638 qız) rəsmi nikahlardan, 17 714-ü isə (9 188 oğlan, 8 526 qız) qeyri-rəsmi nikahlardan doğulub.