MƏDƏNİYYƏT

Ölkənin bütün kuklaçıları bir arada - Kukla Teatrında 90 illiklərini qeyd etdilər - VİDEO

Azərbaycan Dövlət Kukla Teatrının əsasını 1931-ci ildə böyük teatr fədaisi, ilk peşəkar kuklaçı Mollağa Bəbirli qoyub. 1932-ci ildə kollektiv "Sirk" adlı tamaşa ilə səhnəyə çıxıb.
Sputnik
Milli kukla sənətimizin təşəkkül və inkişafında müstəsna yeri olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tamaşaçılarını ətrafına toplayaraq, 90 illik yubiley gecəsini keçirdi.
Sputnik Azərbaycan xəbər verir ki, uşaqlı-böyüklü xeyli sayda tamaşaçı, teatrsevər teatrın tamaşa salonunda toplaşaraq, həm səhnədəkiləri, həm də özlərini alqışladılar.
Mədəniyyət Nazirliyi təmsilçiləri, tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirak etdiyi yubiley gecəsində ilk olaraq Mədəniyyət naziri Anar Kərimovun kuklaçılara təbrik məktubu oxundu.
Teatrın təmsilçilərinin təbrik olunduğu məktubda zəngin yaradıcılıq yolu keçən sənət ocağının uğurlarına da nəzər salınıb. Bu janrı dünyada və ölkəmizdə layiqincə yaşadan kuklaçılara yeni yaradıcılıq uğurları arzulanıb. Teatrın hazırladığı tamaşaların hər zaman azyaşlı tamaşaçıların rəğbətini qazanması, onların teatra sevgi ruhunda böyüməsində bu teatrın önəmi də qeyd olunub.
Ardınca mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək yola salmağa hazırlaşdığımız 2021-ci ilin möhtəşəm yubileylərlə yadda qaldığını bildirib. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Qələbədən bir il ötdüyünü deyən E. Əliyev bu şanlı zəfər yolunun bütün xalqımızın, xüsusən yaradıcı insanların əzmini, inam və gücünü daha da artırdığını bildirib.
Bu il həm də dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinin ölkəmizdə və ölkəmizdən kənarda silsilə tədbirlərlə qeyd edildiyini yada salan nazir müavini milli-mənəvi dəyərlərin təbliğatında, yetişən nəsillərin teatr sənətinə sevgi ruhunda formalaşmasında özünəməxsus yeri olan teatrın, kukla sənətinin səhnə təmsilçilərinin rolunu da xüsusi qeyd edib:
"Bu silsilədə bu gün yaranmasının 90 illiyini qeyd etdiyimiz Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının da öz yeri var. Kukla teatrı teatr aləmində vacib bir fenomendir, çünki uşaqların zövqünü formalaşdıran, onların teatr aləminə marağını açan yeganə mədəniyyət ocağıdır".
Hazırda yaradıcı sənayenin aparıcı qolu olan teatr sənətinin, ümumilikdə incəsənətin televizor və kompüter, telefon ekranları ilə rəqabətdə olduğunu deyən Elnur Əliyev bildirib ki, bu rəqabətdə üstünlüyü saxlamaq üçün canlı ünsiyyət mühüm amildir. Canlı tamaşalar həm də uşaqlarda milli dəyərlərin formalaşması baxımından vacibdir. Nazir müavini Kukla Teatrının bu rəqabəti nəzərə alıb işini gələcəkdə də öz prinsip və ənənələrinə uyğun quracağına inamını ifadə edib, onların tamaşaçılar üçün daim maraqlı ünvan olacağına əmin olduğunu deyib.
O, teatrsevərləri, kuklaçıları təbrik edib və bildirib ki, teatr Mədəniyyət Nazirliyi üçün ən vacib, ən miqyaslı sahələrdən biridir və bu ənənəni qorumaq lazımdır.
Sonra teatrın yaradıcılıq həyatında xüsusi yeri olan qocaman aktyorlar, eləcə də gənclər Mədəniyyət Nazirliyinin fəxri fərmanları ilə təltif olunublar.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov da çıxış edərək ittifaqın rəhbəri, Xalq artisti Azər Paşa Nemətovun Kukla Teatrının kollektivinə təbriklərini çatdırıb. Kukla Teatrının məhsuldar fəaliyyəti, zəhmətkeş kollektivi, zəngin repertuarı, yaratmış olduğu səhnə ənənlərindən də söz açıb. Ardınca bir sıra aktyor və yaradıcı heyət milli teatrın inkişafında xidmətlərinə görə Teatr Xadimləri İttifaqının fəxri fərmanı ilə təltif olunublar.
Yubiley gecəsi teatrın repertuarındakı ən yaddaqalan tamaşalardan ibarət səhnələşdirilmiş kompozisiya təqdim edildi. Tamaşa arası səhnədə 90 il bundan əvvəl ilk kuklaçı Mollağa Bəbirlinin hazırladığı kuklaların fotoşəkilləri proyeksiyada nümayiş olunub. Böyük ekranda Səudiyyə Ərəbistanı, Rusiya, Hindistan və digər ölkələrdə fəaliyyət göstərən kukla teatrlarının təbrikləri də çatdırılıb.
Sonra Salyan, Gəncə və Qax Dövlət Kukla teatrlarının rəhbərləri də səhnəyə çıxaraq həmkarlarını təbrik ediblər. Dövlət Gənc Tamaşaçılar Teatrının yubiley səhnəcəyi də böyük maraqla qarşılanıb.
Tədbirin sonunda yaradıcı heyətlə görüşən Elnur Əliyev onları təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.
Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının əsasını 1931-ci ildə böyük teatr fədaisi, ilk peşəkar kuklaçı Mollağa Bəbirli qoyub. 1932-ci ildə kollektiv "Sirk" adlı tamaşa ilə səhnəyə çıxıb. Bu günədək 600-dən artıq tamaşa hazırlayan teatr daim rəngarəng və zəngin repertuarı ilə seçilir. Hazırda teatrın cari repertuarında 28 səhnə əsəri var. Teatrda Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) Milli Mərkəzi yaradılıb və teatr qurumla sıx yaradıcılıq əlaqələri saxlayır.