İQTİSADİYYAT

Maaşlar qalxdı, bəs qiymətlər? Fevralda inflyasiyanın sürətini hiss edəcəyik

Əməkhaqlarının əksər sahələrdə qaldırılması fevraldan başlayaraq inflyasiyanın artım tempinə yenidən təsir göstərəcək.
Sputnik
BAKI, 27 dekabr — Sputnik. Azərbaycanda minimum əməkhaqqı, sosial müavinət və təqaüdlər qaldırılıb. Həmçinin təhsil müəssisələrində çalışan 165 min işçinin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda işləyən 4 min nəfərin maaşı artırılıb. Digər sahələrdə də maaş artımlarının olacağı gözlənilir.
İqtisadçı Eldəniz Əmirov Sputnik Azərbaycan-a deyib ki, yaxın günlərdə mərhələli şəkildə müxtəlif sahələrdə çalışanların əməkhaqlarının qalxması barədə Prezident tərəfindən müvafiq sənədlərin imzalanacağı gözlənilir: "Dekabrın 17-də müəllimlərdən başlanılmaqla buna start verildi. Qeyd edildiyi kimi, 20+% artım təsirləri fevraldan sonra hiss edilməyə başlayacaq. "Təsir" dedikdə yalnız gəlirlərin artmasını nəzərdə tutmuram, bunun qiymət artımlarına təsirləri də ola bilər".
"Son 4-5 ayda müşahidə edilən inflyasiyanın ciddi artım templəri uçot dərəcəsinin artırılması fonunda və "doymuş inflyasiya" effektinin nəticəsi olaraq nisbətən azalıb. Lakin əməkhaqlarının əksər sahələrdə qaldırılması fevraldan başlayaraq inflyasiyanın artım tempinə yenidən təsir göstərəcək. Gəlirlərin artması, iqtisadi aktivliyə öz təsirini göstərəcək, bu da istehlak səviyyəsinin artımına, eləcə də qiymətlərin artıma səbəb olan faktor ola bilər", - deyə o qeyd edib.
İqtisadçı ekspert Eldəniz Əmirov
Ekspert bildirib ki, istehlak mallarında olan artım xidmət və digər sahələrdə də qiymət artımına gətirib çıxaracaq: "Məsələn, bərbər rəsmi əməkhaqqı almadığı üçün özü öz xidmət haqqını 20% qaldırmaqla "sosial ədaləti"ni bərpa etməyə çalışacaq. Odur ki, xidmət sahəsində çalışanlar da bu yolla öz gəlirlərini təxmini 20%-lik artıra biləcəklər".
Onun fikrincə, yarana biləcək problem isə fevraldan başlayaraq sürətlənə biləcək inflyasiya tempi ola bilər: "Düzdür, gəlirlərin artması istehlak həcminin artmasına və qiymət artımına gətirib çıxaran təbii iqtisadi qanundur. Amma təcrübə onu göstərir ki, ölkəmizdə belə hallarda qiymətlər iqtisadi qanunauyğunluğun səbəb olduğundan daha çox artır. Bunun da əsas səbəbi inhisarçı subyektlərin "qiymət diktə etmə" texnologiyasıdır. Rəqabət Məcəlləsinin 15 ildir ki, müzakirə mərhələsində qalması və qanun kimi qəbul edilməməsi belə məqamlarda qiymətlərin daha kəskin artırılmasının əsas səbəblərindən biridir. Buna görə də fevralda artım dalğasının olmaması və ya zəif olması üçün vaxt itirmədən preventiv tədbirlərə başlanılmalıdır".
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyib ki, maaşların artırılması sosial və iqtisadi inkişaf baxımından müsbətdir: "Bu, əhalinin sosial rifahının yüksəlməsinə imkan verəcək, daxili bazarı stimullaşdıracaq, alıcılıq qabiliyyətini artıracaq. Bunun hesabına xeyli dərəcədə iqtisadi inkişafı və iqtisadi artımı stimullaşdıra bilərik".
"Bu gün iqtisadi cəhətdən aparıcı ölkələrin trendi ondan ibarətdir ki, sosial xərclər artır və bu, həmin ölkələrin rəqabət qabiliyyətliliyinin qorunmasına şərait yaradır. Sevindirici haldır ki, Azərbaycan da bu istiqamətdə son 3 ildə böyük nailiyyətlərə imza atıb. Belə ki, minimum əməkhaqqının, bütövlükdə ölkə üzrə əməkhaqqı fondunun 2 dəfəyə yaxın artırılması müsbət trendlərdir. Bunlar Azərbaycanda iqtisadi göstəricilərin yaxşılaşdırılmasına şərait yaradır, ölkəmizin iqtisadi rəqabət qabiliyyətliliyini artırır. Eyni zamanda əhalinin sosial müdafiəsi ilə bağlı müsbət trendlərə səbəb olmaqdadır", - deyə professor qeyd edib.
O bildirib ki, son 3 ildə sosial müdafiə sahəsində çox böyük irəliləyişlər var: "Bu, sahənin şəffaflaşdırılması, mənfi hallarla effektiv mübarizə ilə bağlıdır. Bu siyasət ardıcıl şəkildə davam etdirilməlidir. Eyni zamanda ölkəyə yatırılan investisiyaların həcminin artırılması ilə biz iqtisadi imkanlarımızı ilk növbədə genişləndirməliyik ki, sosial tədbirlərin də həyata keçirilməsi üçün daha böyük imkanlar olsun".
Yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir
Vahid tarif cədvəli üzrə işləyənlərin əməkhaqqı artırılıb
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, ölkəmizdə vətəndaş rifahının təminatı istiqamətində islahatların növbəti mərhələsinə başlandı. Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılır. Sərəncam 1 yanvar 2022-ci ildən tətbiq ediləcək.
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri də bu Sərəncama uyğunlaşdırılacaq. Minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verəcək.
Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqları yanvar ayından artacaq.
Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir.
Bu artım son üç ildə sosial sahədə inqilabi xarakter alan, bütün istiqamətlər üzrə sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların davamıdır. Dövlət başçısının Sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb. Son üç ildə mühüm irəliləyiş olaraq ölkəmizdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb.
Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, əmək bazarındakı proseslərə müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda əməyin leqallaşdırılmasını stimullaşdırır.
Gələn il minimum əməkhaqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) da 43% üstələyəcək. Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Son üç ildə həmin nisbət 2018-ci ildəki 26,5%-dən 2019-cu ildə 33,3%-ə, 2020-ci ildə 38%-ə yüksəlib, 2022-ci ildə isə təqribən 40-41% səviyyəsinə yüksələcək.
Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyişə nail olunur.
Vahid Tarif Cədvəli ilə tənzimlənməyən təşkilatlarda çalışanların da maaşı qalxıb
Prezident İlham Əliyevin yeni "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" Sərəncamı da 2022-ci ilin yeni sosial paketinin tərkib hissəsidir.
Sərəncam dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçiləri əhatə etməklə onların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.
Həmin təşkilatlarda çalışanların maaşları 2022-ci il yanvarın 1-dən orta hesabla 20% artırılacaq. Bu məqsədlə dövlət büdcəsindən 9 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Bu təşkilatlarda ümumilikdə 4 min şəxs çalışır.
Yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir
Prezident İlham Əliyevin imzaladığı yeni iki Sərəncam ölkəmizdə təhsil işçilərinin sosial müdafiəsinə diqqət və qayğı göstərilməsinin növbəti təzahürüdür.
Sərəncamlarla 2022-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40% artırılır.
Həmçinin 2022-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maaşları orta hesabla 20%, gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin maaşları orta hesabla 40%, fiziki tərbiyə rəhbərlərinin maaşları orta hesabla 30% artırılır.
Təhsil müəssisələrində çalışanların əməkhaqqı artımı 165 min təhsil işçisinə şamil olunmaqla, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Artımların edilməsi məqsədlə dövlət büdcəsində 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub.
2022-ci ilin sosial islahatları dövlət başçısının "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək.
Onu da xatırladaq ki, 2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən 106,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4 faiz təşkil edib.
Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,5 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 111,1 faiz təşkil edib.